“R.Koçaryanın həbsi bütün Ermənistan üçün prinsipial məsələdir” - Nikol Paşinyan
Ermənistanın yeni iqtidarının “Qarabağ klanı”nı təmsil edən sələflərinə qarşı yeritdiyi sərt təqib siyasəti ölkədə birmənalı qarşılanmır. Əhalinin mütləq əksəriyyəti bununla razılaşsa da, iqtidarı 20 ildən artıq əldə saxlamış “Qarabağ klanı”nın nümayəndələri mövcud vəziyyətə müxtəlif şəkildə müqavimət göstərməyə çalışırlar. Lakin Ermənistan xalqı kimi N.Paşinyan da onları birdəfəlik siyasi səhnədən silməyə can atır. Sabiq prezident Robert Koçaryan və başqalarının həbsi də buna hesablanmış radikal addımlardan biridir. Siyasi rəqibləri, daha dəqiq desək, düşmənləri N.Paşinyanın bu addımını yanlış adlandıraraq, onu devrilmiş I prezident Levon Ter-Petrosyanın silahdaşı kimi qələmə verməklə cəmiyyətin gözündən salmağa çalışırlar. N.Paşinyan isə, inadında israrlıdır. O, ən güclü 2 siyasi rəqibindən birini - Robert Koçaryanı cinayətkar elan etməklə birdəfəlik erməni xalqının gözündən salmağa çalışır.
“Əgər söhbət insanların həyatından gedirsə, burda heç bir məhdudiyyət qoymaq olmaz”. Mediapress.az RBK televiziya kanalına yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, bu fikri Ermənistanın baş naziri N.Paşinyan həbsdə olan sabiq prezident Robert Koçaryanın cinayət əməlinə 10 ildən sonra hüquqi qiymət verilməsinə yönəlik suala cavab verərkən səsləndirib. “Mən müqayisə aparmıram. Amma, səhv eləmirəmsə, hətta Rusiyada belə Böyük Vətən Müharibəsinə aid cinayətlər araşdırılır. Bundan başqa, qanunvericiliyə əsasən, cinayətin etibarlılıq müddəti var. Əgər iş açılıbsa və davam etdirilirsə, deməli, Ermənistan Cinayət Məcəlləsində müddətin bitmədiyi təsbit olunub”, - deyə baş nazir fikrinə aydınlıq gətirib.
N.Paşinyan sabiq prezidentin həbsinin prinsipiallığı barəsində verilən suala da birmənalı cavab verərək əlavə edib: “Bu, şəxsən mənim üçün yox, bütün Ermənistan üçün prinsipial məsələdir. Əgər ölkənin 10 dinc vətəndaşı qətlə yetirilibsə, bu hadisə elə-belə qala bilməz, mütləq araşdırmaq lazımdır”.