“Azərbaycan və Ermənistana su ehtiyatlarımızdan sata bilərik” - Separatçı Qarabağ rejimi
Adları cinayətkarlar siyahısında olan separatçı Qarabağ rejiminin nümayəndələri sərsəm bəyanatlar səsləndirməkdə davam edirlər. Ermənistan-Azərbaycan liderlərinin son görüşləri fonunda sülh məsələsinin aktuallaşdığı bir dövrdə bu cür bəyanatlar daha da artmaqdadır. Məqsəd Ermənistana “Qarabağ klanının” hələ də güclü olduğunu nümayiş etdirmək və ciddi cəhdlə sülh prosesinə mane olmaqdır. Separatçıların liderləri və onların Ermənistandakı havadarları yaxşı anlayırlar ki, nə vaxtsa törətdikləri cinayətlərə görə cavab verməli olacaqlar. Artıq Ermənistanda bu proses işə düşməyə başlayıb Lakin böyük sülh müqaviləsinin əldə olunacağı təqdirdə, həmin cinayətkarları Azərbaycanda da layiqli cəza gözəyəcək. Odur ki, onlar daha da fəallaşaraq özlərini ayrıca bir tərəf kimi tanıtmağa və bu yolla cinayətlərini unutdurmağa çalışırlar. Separatçı Qarabağ rejiminin rəhbərinin mətbuat katibi David Babayanın bugünkü açıqlaması heç də təsadüfi sayıla bilməz. O, Bako Saakyanın adından Azərbaycanı və Ermənistanı iqtisadi əməkdaşlığa çağırmaq illüziyası yaratmaqla bir növ sülhə hazır olduqlarını nümayiş etdirməyə çalışıb.
“Arsax (red: separatçı Qarabağ rejimi) dəfələrlə su ehtiyatlarının birgə istismarı barədə təkliflər irəli sürüb, lakin Azərbaycan əməkdaşlıq barədə istənilən təklifdən imtina edir”. Mediapress.az separatçı rejimə yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, bunu separatçıların rəhbərinin mətbuat katibi David Babayan jurnalistlərlə söhbətində deyib. O, erməni və azərbaycanlı tərəfləri arasında etimad və əməkdaşlıq atmosferinin yaradılması ideyasının mümkünlüyü barədə suala cavab verərkən Azərbaycanı passivlikdə ittiham edərək əlavə edib: “Rəsmi stepanakert (red: Xankəndi) uzun illər ərzində dəfələrlə əməkdaşlıq barədə Azərbaycana müraciət ünvanlayıb. Lakin Bakı bu müraciətləri cavabsız qoyub. Fikrimcə, bu iki xalq birgə yaşamağa, qonşu olmağa davam edəcəksə, bu mövqe dəyişdirilməlidir. Təbii su ehtiyatları Arsaxın (red: Qarabağın) vacib zənginliyidir və Ermənistan üçün də strateji əhəmiyyət kəsb edir. Odur ki, bu sərvətin birgə istismarında Azərbaycanla və Ermənistanla əməkdaşlıq etməyə hazırıq”.