Ermənistan Prezident Administrasiyasının 40 faiz əməkdaşı işdən azad edilir - DƏRİNLƏŞƏN XAOS
Serj Sarkisyan bataqlıqdan çıxa bilmir
Yenicə qədəm basmış 2018-ci ildə qonşu Ermənistan Respublikasını bürümüş ixtisarlar dalğası miqyasını daha da böyüdəcək. Bu dəfə ölkə rəhbəri Serj Sarkisyanın administrasiyasında misli görünməmiş ixtisar prosesinə start veriləcək. Prezident Administrasiyasının əməkdaşlarının təxminən 40 faizi işsizlər siyahısına daxil olacaq. Vəzifəsindən asılı olmayaraq indiki 417 əməkdaşın 159-u işi ilə vidalaşmalı olacaq.
Mediapress.az Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, cari ixtisarlar ölkə konstitusiyasındakı dəyişikliklərlə bağlıdır. Belə ki, parlament idarə üsuluna keçid gözlənildiyindən prezidentin səlahiyyətlərinin böyük bir qismi baş nazirə və parlamentə keçəcək. Ancaq adıçəkilən strukturların ştatlarının artırılması gözlənilmir. Bu isə o deməkdir ki, cari ixtisarlar yalnız büdcəyə qənaət etmək məqsədini güdür. Yerli ekspertlərin fikrincə, ölkə bataqlıq sindromuna məruz qalıb, hər hərəkət iqtidarı dibə aparır. Ölkədə aylarla maaş və müavinətlərin gecikdirilməsi və inflyasiya tempindən xeyli aşağıda olması büdcədən maliyyələşən təşkilatlarda geniş ixtisarların aparılmasını labüd edir.
Serj Sarkisyanın hazırkı mətbuat katibi Vladimir Akopyanın “Joxovurd” qəzetinə verdiyi açıqlamaya görə, hələlik ixtisar olunacaq ştatlar dəqiqləşdirilir. Ancaq bir şey məlumdur ki, administrasiyada cəmi 258 əməkdaş qalacaq”.