Cocuq Mərcanlıda təntənəli Novruz şənliyi keçirilib
Qardaş Türkiyə və Cənubi Azərbaycanımızdan olan dəyərli dostlarla, tanınmış yazar və jurnalist Məryəm Aybikə Sinan, təşkilat rəhbəri, Azərbaycan sevdalı Fatma Sönməz və Qarabağ həqiqətlərini dünyada təbliğ edən Norveçdə yaşayan həmyerlimiz Şervin Necefpurla Cocuq Mərcanlıqdayıq, Cəbrayılda. Dövlət Televiziyası müvafiq qurumlarla birlikdə Novruz bayramını məhz Cocuq Mərcanlıda təşkil etdi və canlı yayımladı. Bu dosta da düşmana da önəmli məsaj idi. Dünyanın hər yerində yaşayan Azərbaycanlılar da bu canlı yayımla Novruzu Cocuq Mərcanlıda qarşıladılar.
Bu barədə Musavat.com-a məlumat verən MM üzvü Qənirə Paşayeva deyib: "Dayanmadan yağan yağışa baxmayaraq sadəcə Cocuq Mərcanlıda 26 ildən sonra öz evində bayramı qeyd edən kənd sakinləri deyil Cəbrayılın müxtəlif kəndlərindən köçkün düşmüş bir çox insanlar, ölkəmizin fərqrli bölgələrindən gəlmiş sadə insanlarımız, ziyalılarımız, sənət adamlarımız bayramı Cocuq Mərcanlıda birgə qarşıladı və yağış bir neçə saat dayanmasa da heç bir yerə getmədilər, bayramı sevinclə birlikdə qeyd etdik. Aprel zəfərindən bir neçə gün öncə Novruz bayramında bu kəndin çıxacağında yaşayan Oqtay bəyin ailəsini qardaş Türkiyədən gəlmiş ziyalılarla, jurnalistlərlə ziyarət edəndə bizə tonqal yandırmışdı. Amma bayram sevincimiz yox idi. Çünki işğalçı Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlıya baxanda ürəyimiz göynəyidi və o zaman inşallah bu bayram tonqalını Cocuq Mərcanlının bütün sakinləri ilə birlikdə yenidən abadlaşacaq bu kəndimizdə və bütün işğaldan azad edəcəyimiz torpaqlarımızda yandıraq və bayramı qeyd edək demişdik. Ali Baş Komandanımızın rəhbərliyi altında qazandığımız Aprel Zəfəri, yəni Lələ Təpə də daxil olmaqla torpaqlarımızı bir hissəsinin işğaldan azad edilməsindən sonra qısa zamanda Cocuq Mərcanlı yenidən daha da gözəl şəkildə yenidən quruldu və bu kənddən olan köçkünlərimiz öz evlərinə qayıda bildi.Ali Baş Komadanımıza, qəhrəman şəhidlərimizə və qazilərimizə təşəkkürlər! Uzun illər idi ki belə bayram yaşamamışdım. Çox duyğulu anlar yaşadım. Qəhrəman şəhidlərimiz nur içində yatsın. İnşallah inanıram ki o gün uzaqda deyil dünən Cocuq Mərcanlıda bayram tonqalı ətrafında dediyimiz kimi gələn Novruzu Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda da qeyd edəcəyik. Buna inanırıq və bunun üçün hamımız birlik olub daha çox çalışmalıyıq. Novruz bayramını məhz Cocuq Mərcanlıdan canlı yayımla qeyd etmək təşəbbüsü və yüksək səviyyədə təşkilatçılıq üçün AZTV yə təşəkkürlər!"