Ömrün günortasını yaşayan şair - Fuad Biləsuvarlı yazır... - FOTOLAR
Ömrün günortasını yaşayan şair
... Poetik fikir aləmində öz sözü-söhbətiylə seçilən şairlərdən biri də İmir Məmmədlidir. Bir şeirində özü dediyi kimi, dünyada "İmir Məmmədli də var..."
Bir şair kimi İmir Məmmədli şeirlərinin bütün mövzusunu həyatdan alır. Ona görə də bu şeirlər təbiidir, oxucuya tez çatır, göz önündə canlı lövhələr yaradır. Bu şeirlərdə İmir Məmmədli çox səmimidir, poetik duyğularını sadə, səmimi dildə şeirə çevirməyi bacarır. Sanki oxucu ilə söhbət edir.
Bir gözəl sevmişdim, çiçəkdən incə,
Bir gecə göylərə bir uçub getdik.
Sevişdik, amma ki, qız böyüyüncə,
Qız ərlik olunca, biz köçüb getdik...
Bəzən İmir Məmmədli bir neçə misra ilə elə lövhələr yaradır ki, bu misraları oxuyan oxucu uzun zaman onun təsirindən qurtara bilmir.
Qəribin səması
Yaşadığı evin tavanından hündür ha olmur.
Qəribin çiçəyi
Xəyalda olur
Ona görə də
Heç zaman solmur...
İnsan təbiəti belədir: Ağrısız, acısız olmur. Bu acıları İmir Məmmədli də yaşayır və o, həmin acıları poetik dildə qısa şəkildə belə ifadə edir:
Ağrı da ərköyün uşaq kimidir
Ona fikir verdin,
Dayanan deyil.
Unutdun,
Səngiyib sakitləşəcək...
Məhəbbət mövzusu da İmir Məmmədlinin yaradıcılığında əsas yer tutur. Və şair püxtələşmiş qələmi ilə sevgi-məhəbbət hisslərinə poetik don geydirməyi bacarır.
Ümidin şəklini çəkə bilməzsən,
Arzunun şəklini çəkmək istəsən,
Günəş çəkərsən, bahar günəşi.
Çəkmək istəsən eşqin şəklini
Əli çiçəkli bir qız çəkərsən...
İmir Məmmədlinin şeirləri oxucusunu qanadlandırır. İnsan duyğulanır, xəyallar onu uzaqlara, uşaqlıq və gənclik illərinə aparır. Həmin illəri şirin bir təbəssümlə yenidən yaşamalı olursan. Əsl şeirin gücü bax, belə olur.
İmir müəllim həmişə axtarışda olan bir şairdir. Ona görə də mövzularının əhatə dairəsi çox genişdir. Bir şair kimi İmir Məmmədli yaradıcılığının məhsuldar dövrünü yaşayır desək, yanılmarıq. Ömrün günortasını keçsə də, yenə də əvvəlki şövq və həvəslə yazıb-yaradır.
Könlümün sirini xeyli gizlədim,
Günəş keçdi ömrün günortasından.
Sən də gəlib-keçdin, ilk bahar kimi,
Arxanca çırpındı ayaq izlərin.
Qoca balıqçının arabasından,
Yollara tökülən balıqlar kimi...
İmir Məmmədli bir yazar kimi çap olunmağa tələsmir. Necə deyərlər, yazdıqlarının mürəkkəbi qurumamış redaksiyalara üz tutanlardan deyil. Bəlkə elə buna görədir ki, İmir Məmmədli imzasını görən oxucu sevinir.
P.S. Bu məqaləmi şair-yazıçı, dramaturq, tərcüməçi, ictimai xadim, İctimai radioda ədəbiyyat departamentinin direktoru İmir müəllim Məmmədliyə həsr edirəm. Yeni -yeni şeirlərini gözləyirik, İmir müəllim.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı