Nəğmə dolu bir ürək - FOTOLAR
2934
Canlı əfsanəmiz, sevimlimiz, xalq artisti Flora xanım Kərimovanı nə vaxtdan "kəşf etmişəm".Yaxşı xatırlayıram. Amma o səsi eşidəndən sanki əfsunə düşmüşəm. Hər çıxışını səbirsizliklə gözləmişəm. Flora xanım bənzərsiz müğənnidi, gözəl sənətkarımızdı. O oxuduğu hər mahnı ilə yaşayır, onu özünəməxsus tərzdə ifa edir. Və oxuduğu hər mahnıya da "əbədi möhrünü" vurur. Şaqraq səsli Flora xanımı dinləmək çox xoşdur mənə. Dinlədikcə dinləmək istəyirsən və xəyal səni ağuşuna alıb haralara aparmır?! Ustadım, görkəmli şairimiz Dəmir müəllim Gədəbəylinin sözlərinə 26-dan çox mahnı ifa edib. Rəhmətlik Elza İbrahimova bəstələyib o mahnıları. O mahnılardan nümunə olaraq "Ey vətən", "Ağlamasın salxım söyüd" , "Gözlərimdən çəkinmə" və eləcə də başqa şair, bəstəkarların mahnılarını ifa edib. Böyük sənətkarımız Flora xanımın ifasında məşhur "Ağlamasın salxım söyüd" əsərini yəqin hamınız xatırlayırsınız. Bilirsiniz nəyə görə əsər dedim o mahnıya? Çünki Flora xanımın, Dəmir müəllimlə, Elza xanımla olan işbirlikləri hamısı bənzəri olmayan tarixdə qalan əsərlərdi. İnanın əziz oxucularımız "Ağlamasın salxım söyüd" əsərinə mən hər dəfə qulaq asanda göz yaşlarımı saxlaya bilmirəm. Bu da görünür duyğulu, həssas, şair ürəkli insan olduğumdan irəli gəlir. Bu mahnıda haray var, istək var. Sevgi var, məhəbbət var, ayrılıq var, hicran var, göz yaşı var. Hər dəfə radio dalğalarında , televiziya kanallarında bu mahnını, əsəri dinləyəndə bir daha yəqin edirəm ki, bir də onu Flora xanım kimi heç kim, heç zaman ifa edə bilməyəcək. Söz yox " Ağlamasın salxım söyüd" əsərini çox gənclərimiz oxuyub. Amma Flora xanım kimi o əsəri heç kim ürəklə, şövqlə oxuyub biz tamaşaçılara, dinləyicilərə çatdıra bilməyib. Bilmirəm, bəlkə bu mənə belə gəlir?! Amma elə zənn edirəm əziz oxucularımız fikrimlə razılaşarsınız. Musiqi Flora xanımın həyatıdır desək, heç də yanılmarıq. Elə bu həvəs və istək də onun həkim kimi yox, məhz müğənni kimi fəaliyyət göstərməsində mühüm rol oynamışdır. 1977 - ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirəndə o, artıq tanınmış müğənni idi. Əslində Flora xanımı böyük sənətə aparan yol 14 yaşından başlamışdı. Musiqişünaslar e' tiraf edirlər ki, Flora Kərimovanın səsi bütün notları, yə'ni bütünlükdə dörd oktavanı əhatə edir. Ecazkar səsi ilə onu dinləyənləri heyran edən Flora xanım görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"operasında Leyli obrazını da uğurla ifa etmişdir. Estrada janrının mahir ifaçılarından olan Flora xanım Kərimova pərəstişkarlarını digər bacarıqları ilə də heyrətləndirir. 1968-ci ildən ekranlara yol tapmış " Qanun naminə" filmində Züleyxa obrazını özünəməxsus ustalıqla yaratmışdır. Çox sevdiyim bu filmə dəfələrlə baxmışam. Hər dəfə də təəssüratlarım daha da zənginləşib. Flora xanımın əvəzsiz ifasına dünya şöhrətli Rəşid Behbudov və bir çox tanınmış bəstəkarlarımız yüksək qiymət vermiş, onu dəyərləndirmişlər. Çox xoşbəxt şairəm ki, Flora xanım mənim də sözlərimə mahnı oxuyub. Musiqisin də sevimlimiz Sevinc Tofiqqızı bəstələyib. Flora xanımın musiqi mədəniyyətimizin qızıl fonduna daxil olan yüzlərlə bəlkə də çox mahnıları bu gün də sevilə-sevilə dinlənilir. P.S. Bu şeirimi canım, canlı əfsanəmiz, çox sevdiyim Flora xanım Kərimovanın özünə və ideal ailəsinə həsr edirəm. Bu şeirimi ona deyəndə hətta kövrəlmişdi də. Ürəyim Flora xanım haqda yazımı ona həsr etdiyim şeirimlə bitirmək istəyirəm. Gözün aydın olsun, Flora xanım! Dilində səmimi sözlərin gülür, Açdığın cığırlar, izlərin gülür. Nəvələr yanında gözlərin gülür, Gözün aydın olsun, Flora xanım! Oqtayla, Zümrüdün gözlərində nur, Onlar qulluğunda layiqlə durur. Nəvələr könlündə, bir ümman, qürur, Gözün aydın olsun, Flora xanım! Ey canlı əfsanə, ey canlı tarix! Biz sənə borcluyuq, nə qədər varıq. Səsindən ay tövbə, vallah, doymarıq, Gözün aydın olsun, Flora xanım! Səsin ürəklərdə hörülüb inan, Taxtın könüllərdə qurulub inan. Fuad da səsinə vurulub inan, Gözün aydın olsun, Flora xanım! Müəllif:
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı