\
4 Dekabr 2024 - Çərşənbə

Polkovnik-şair Şahməmməd - "Görüşünə gəlmişəm"

Polkovnik-şair Şahməmməd - "Görüşünə gəlmişəm"
44031baxış

Şahməmməd Gülməmməd oğlu Şahməmmədov 1947-ci ildə avqust ayının 6-da Ağsu rayonunun Ləngəbiz kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumuna daxil olmuşdur. Ədəbi yaradıcılığı da burada üzə çıxmışdır. Şamaxı rayonunun “Yeni Şirvan” qəzetində şeirləri ilə tez-tez çıxış etmişdir. Şamaxıda “Yeni Şirvan” qəzetinin nəzdində fəaliyyət göstərən “Gənc Sabirçilər” məclisinin üzvlərinin arasında öz bədii yaradıcılığı ilə bir şair kimi fərqlənmişdir. Texnikumu bitirdikdən sonra Ağsu rayon Ərəbuşağı kənd məktəbində müəllim, Cəfərli kənd məktəbində isə direktor işləmişdir. Daha sonra Uzaq Şərqdə əsgəri xidmətdə olmuşdur. Əsgəri xidmətini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Hüquq - mühafizə orqanlarında məsul vəzifələrdə çalışan Şahməmməd 1982-84-cü il tarixlərində Moskva şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında əyani təhsil almışdır. Bütün bu illər ərzində bədii yaradıcılığı bir an belə unutmamışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 31 kitabın, 5 cildlik seçilmiş əsərlərin müəllifidir. "Araz" ali  ədəbi, “Qızıl Qələm”, “Zərdabi” mükafatlarına layiq görülmüşdür. Məşhur tənqidçi Qurban Bayramov onun yaradıcılığı ilə bağlı monoqrafiya yazmışdır. Şairinn son zamanlarda yazdığı şeirlərini təqdim edirik.

Sənə uğurlar diləyirik Şahməmməd!..

 

“Hə”lə “yox” arasında

“Yox” dedin, sevgimi boğdu kəlmələr,

İşıqlı dünyada günahkar oldun.

Var ikən yox oldu qəlbimdə nələr...

Yoluna buz çıxmış gül kimi soldum.

 

“Yox” dedin, küləklər sinəmi sökdü,

Axı “hə” demişdin sən küçəmizdə.

Gözünün, yaşını üstümə tökdü,

Dumanlı o dağlar, o göy dəniz də.

 

Düyüldü qaşların qayalar kimi,

Əlim də düyülü qara daş oldu.

Qırıldı könlümün məhəbbət simi,

Dünyanın kədəri gözümə doldu.

 

Göynədim, göyərdim “Yox” deməyindən,

Buludlar kölgəsin çəkdi üstümə.

Qızıl lalələr də incidi səndən,

Boz qumlar bükdülər məni tüstümə.

 

Ləpələr dənizdə dalğaya döndü,

İçimdə nəğmələr don geydi qara.

“Yox” dedin, göylərdə ulduzlar söndü,

“Yox” dedin, yaz günü bələndim qara.

 

Niyə kor olmadım sən danışanda?

Ümidlər qırıldı səsində sənin.

Şeytanlar çoxalır şər qarışanda,

Belə yazılıbmış qismətim mənim...

 

Tələsdin əzizim, bilmirəm niyə?

Bir zaman gələcək ağlayacaqsan.

Məni gəzəcəksən “hə” deyə-deyə,

Didəcək içini daş olmuş hicran.

 

Məhəbbət də qocalarmış...

Atam vardı, anam vardı,

Pendir, qatıq, süd gəzmədik.

Atam, vardı, anam vardı,

Damı daşı kürüməzdik.

 

Çiçəkləri daşıyardı,

Bağçamıza yaşıl bahar.

Ləçəklərdə yaşayardı,

Bal qoxulu boz arılar.

 

İndi yaman darıxırıq,

Atam kimi, anam kimi.

Gülüşümüz qırıq-qırıq,

Boğur bizi qəmin nəmi.

 

Görmək olmur ağ yolları,

Axı niyə qocalmışıq?

Dünya başdan-başa sarı,

Hanı Günəş, hanı işıq?

 

Atam, anam kövrələndə,

Qınayardıq qocaları.

Köçmək istəyirəm kəndə,

Bağçamızı görüm barı.

 

Uzaqdayıq, uzaqlardan,

Ürəklərdə yanır ocaq...

Gedib içək bulaqlardan,

Sonra, sonra gec olacaq.

 

İstəyimiz çilik-çilik,

Baxışımız daş olarmış.

Bu dünyada heç bilməzdik,

Məhəbbət də qocalarmış...

 

Dəniz, Dərya

Sevgimizə gülüş səpər,

İki bacı - Dəniz, Dərya.

İki nəfər, od-ocaqdır,

İki bacı - Dəniz, Dərya.

 

Babanızın biri mənəm,

Biri Rasim... Deyir qələm...

Gecə, gündüz – iki nəvəm,

İki bacı - Dəniz, Dərya.

 

Tumurcuqdu budaqlarda,

Sizdən deyir yarpaqlar da.

Bayatıdı dodaqlarda,

İki bacı - Dəniz, Dərya.

 

Gələcəyə qapı sizsiz,

Səsi təmiz, qəlbi təmiz.

İki nəsli bağlayan iz –

İki bacı - Dəniz, Dərya.

 

Oxşarısız yaşlıların,

Oxşarısız neyin, tarın.

Oxşarısız siz baharın,

İki bacı - Dəniz, Dərya.

 

Sözüm də siz, nəğməm də siz,

Dərya-dərya, Dəniz-dəniz.

Bir dünyasız siz ikiniz,

İki bacı - Dəniz, Dərya.

 

Babanızın biri mənəm,

Biri Rasim... Deyir qələm.

Gecə, gündüz-iki nəvəm,

İki bacı - Dəniz, Dərya.

 

Əl elədim, əl elədin

Əl elədim, əl elədin,

Qəlbimdə bir səs oyandı.

Bilirsənmi mən nə dedim?

Yanan günlər bir də yandı.

 

Çoxu bilir, eşit sən də...

İllər məni harayladı...

Çiçəklənib ürəyimdə

İlk sevgimin adı, dadı,

 

Harda idin o zamanlar?

Qaranlığın qarasında...

Gülüm, daha itib anlar,

İki ömrün arasında.

 

Niyə belə gec doğuldun?

Ağ saçıma rəngmi çəkim?

Dünyanı yandırar odun,

Mən adını necə çəkim?

 

Ürəyimə sancılmısan,

Eşqin orda yuva salıb.

Sovur gülüm, qan acısan,

Qandan başqa nəyim qalıb.

 

Əl elədim, əl elədin,

Barmaqlarım tüstüləndi.

Nə sən dindin, nə mən dindim,

Sinəmiz də ürək dindi.

 

O sevgimi gəzirəm

 

Hanı ilk məhəbbətim?

Mənim tək məhəbbətim?

Qəm çək, çək məhəbbətim,

Hara uçdu o sevgi?

 

Yaşıl bir budaq idi,

Qızıl oyuncaq idi.

Alışan ocaq idi,

Hara uçdu o sevgi?

 

Yaş ötür, gözləyirəm,

Qapınızı döyürəm.

Ürəyimdə deyirəm:

Hara uçdu o sevgi?

 

Sən anasan, mən ata,

Gedirik bata-bata.

İlləri sata-sata,

Hara uçdu o sevgi?

 

O sevgimi gəzirəm,

Deməsə də dözürəm.

Qar yağır birəm-birəm...

Hara uçdu o sevgi.

 

Gözüm səni axtarır

Günəş batır, doğulur,

Zülmət gecə yox olur.

Gözüm axtarır səni,

Sonra da yaşa dolur.

 

Kimlər aparıb səni?

Sevgin yandırıb məni...

Baxışım dönüb daşa,

Sökülüb tarın simi.

 

Hara baxım, nə çalım?

Qar yağır, dönür halım.

Salma məni didərgin,

Yalvarıram, maralım.

 

Külək əsir içimdən,

Xəbər yoxdur köçümdən,

Dolaşma qız, dünyanı,

Yolunu sal küçəmdən.

 

Kimdən soruşum kimi?

Dərdin yeyib içimi.

Gözüm səni axtarır,

Doğul al Günəş kimi!!

 

Mənim Ləngəbizim

(Mən bu kənddə doğulub böyümüşəm)

O qədim evlərçün göynəyir içim.

Gözümün içində bitib kəndimiz,

Ey gedən, dönəndə su gətir içim,

Köksümdə alışıb yanır Ləngəbiz.

 

Bulağa həsrətəm, dağa həsrətəm,

Getmək istəyirəm, gedə bilmirəm.

Nehrədən boylanan yağa həsrətəm,

Niyə itirmişəm bilə bilmirəm.

 

Quş olub şəhərə uçdum bir zaman,

Ürəyim geriyə uç deyir indi.

Dünya qəribəymiş aman, ay aman,

Xəyalda rənglərim qarışdı, dindi.

 

Zəncirlər bağlayıb məni şəhərə?

Qırmaq istəyirəm, niyə qırılmır?

Necə də gözəlmiş o dağ, o dərə,

Necə də gözəlmiş qayada mamır.

 

Sürünən dumanlar düşür yadıma,

Hanı qarlı quzey, Günəşli güney.

Şəhər yazılıbmış demə adıma,

Yurd salıb beyində bir yığın giley.

 

Ləngəbiz torpağı çağırır məni,

Əkib becərməyə qalmayıb gücüm.

Əkmişəm yaddaşa ey torpaq səni,

Köçəcək qoynuna, köçəcək köçüm.

 

Daş olub göylərdən üstümə yağma,

Unudub hər şeyi dönəcəm sənə.

Bağışla sən məni, dönük çağırma,

Əriyib suyuna dönəcəm sənə.

                           

Nə etməli?

Hər gün səndən zəng gözlədim için-için,

Hər gün səndən nəzir-niyaz... Nə etməli?

Gözlərimdən dünya axır, için-için,

Bu axara könlüm dözür... Nə etməli?

 

İtirmişəm şən günlərin sorağını,

İtirmişəm saçlarımın darağını.

Axtarıram o ürəyin çırağını,

Ağrılarım səni gəzir... Nə etməli?

 

Hanı əllər tapa məni, əzə məni,

Aparan yox bir axşamlıq sizə məni.

Kim gətirib bu dünyada gözə məni?

Yaş ötdükcə insan bezir... Nə etməli?

 

Dinlə məni, bir baxışın bəsim olar...

Eşitmirəm! Dərman olsa səsin olar.

Qarmı yağı? Uzaqlaşıb məndən bahar?

Varlığımdan külək əsir... Nə etməli?

 

Saç bəslədim, saçlarımı əlin yoldu,

Ömür keçir, gülüm görən nədən oldu?

Xəyalımın qapıları bağlı qaldı,

Nədir belə məni əzir... Nə etməli?

                                      Nə etməli?

 

Bağışla doğma kənd

Çəkirəm saatın əqrəblərini,

Geriyə, bir ömrün gənc illərinə.

Çəkirəm saatın əqrəblərini,

Gör nələr danışır əqrəblər mənə.

 

İki kənd arası dağ yollarını,

Bir göz qırpımında keçib gedərdim.

O güc qalmayıbdır söyləyin, hanı?

Sərin sularından içib gedərdim.

 

Həsrətəm o şirin torpağa, daşa,

O daşın, torpağın başqadır dadı.

Ömür yetişəndə qarlı bir qışa,

Bitərmiş ürəkdə hər daşın dadı.

 

Şirin bilmədiyim, şirin olarmış,

Gəzərmiş gözlərim ağı, qaranı.

Kəndimdə dünyanın işığı varmış,

Görə bilməmişəm yağan qarını.

 

Bağışla doğma kənd, bağışla məni,

Bütün günahları bağışla bir-bir.

Bağrıma basacam bir gün mən səni,

Sevgim gözlərində əriyəcəkdir.

 

Yumruq kimi

Aramızdan qoşa divar çəkilib,

Biri bizim, biri sizin həyətdə.

Yolumuzda qara tikan əkilib,

Sən heç demə puç olarmış niyyət də.

 

Yaşayırıq, çürüyürük bilmirəm,

Axı niyə qonşu kimi doğulduq?

Gözlərinin qarasında ölmürəm,

Görüşməyən, öpüşməyən dağ olduq.

 

Həyat bizi sınaqlardan keçirdi,

Adımızı qoşa çəkən olmadı.

Tanrı bizə tütyəsindən içirdi,

Yolumuza uçurum, qaya salmadı.

 

Yuxularda görüşürəm səninlə,

Gündüz qara, gecə mənim ağ payım.

Gözləyirsən gecə gələ mənimlə,

Gecələyək körpüsündə biz çayın.

 

Biz taleyin yazdığını yazırıq,

Yazmaq bəzən qismət olmur adama.

Xatirələr toplayırıq, biz varıq,

Qurban sənə nəğmə bəslə adıma.

 

Yaz, yaşasın bu sevginin əzabı,

Yaz, yaşasın küləklərin dilində.

Yaz, yaşasın ürəyimdə ən azı,

Dinməsə də tar-kamanın telində.

 

Bu sevgiyə ürəyində qala hör,

Mən tikmişəm sarayını dünəndən.

Dünya bizi dara çəkib, yaxşı gör,

Qara saça bəzək olub ağ, dən-dən.

 

Yaşadacaq bizi Tanrı duası,

Qar içində, od içində... Nə edək?

Yumruq olub dağımızın qayası,

Sevgimizin ürəyində bitəcək,

                                     

 

Günlər... Günlər...

Deyirəm ki, gəl qayıdaq,

Çəkir əlin nazlı günlər.

Yarpaq-yarpaq, budaq-budaq,

Sozalır avazlı günlər.

 

Əziz, doğma, o küçədə,

Bizi qucardı gecə də.

Yanıb sönərdik necə də,

Hanı dadlı-duzlu günlər?

 

Uçub gedib gülüşümüz,

Gedər olub gəlişimiz.

Biz deyilik daha o biz,
Hanı o ulduzlu günlər?

 

Sığınmazdıq bizə, sizə,

Qərbimizə, Şərqimizə.

Boyanardıq şərqimizə,

Daşa dönüb sazlı günlər.

 

Heç bilməzdik günlər varmış,

Qara saçlar da ağarmış...

Xoş günə də qar yağarmış,

Qış olarmış yazlı günlər...

 

Heç bilmədim...

Sevdim onu, nur ələdim o gözlərə,

Cığır açdım gecələrdən gündüzlərə.

Hanı bizim kölgəmizi udan dərə?

O qız mənim ürəyimdə yara getdi.

 

Dünyamızda qismətimə çıxmışdı o,

Gözlərimə yar gözüylə baxmışdı o.

Taleyimdən bir çay olub axmışdı o,

Birliyimiz paralandı, para getdi...

 

Eh, xatirəm gur yağışa, qara düşdü,

Kövrək hissim isti-isti dara düşdü.

O torpağa köçməyimiz yara düşdü.

Xoş günlərim qara gəldi, qara getdi.

 

Yoxsan niyə? Dözmək olmur göz yaşına,

Köçməliydik o dünyaya gülüm qoşa.

Dönməliydi çiçəyimiz qara daşa,

Ocağımız, odumuz da ora getdi.

 

Eh, göynədim mən içimdə min yol gündə,

Həsrət qaldım uyuduğun doğma kəndə.

Ağrısıyla, acısıyla gəncliyim də,

Heç bilmirəm hardan gəldi, hara getdi.

 

Atalar var

Atalar var daş yükləyir,

Daşlar gecə sayrışanda.

Ağrı, acı mürgüləyir,

Daş əllərin qırışında.

 

Zəhmətindən işıq çəkir,

Gözlərinin qarasına.

Uğur əkir, ümid əkir,

Ürəyinin yarasına.

 

Gecə-gündüz, əsim-əsim,

Təkərlərdə keçir ömür.

Əqrəblərin “tıq-tıq” səsin,

Nağıl kimi içir ömür.

 

Görən həyat elə budur?

Yarı elə... Yarı belə...

Hər atanın arzusudur,

Sözləri verməsin yelə...

 

Qardaş, yatsam məni oyat,

Yoxsa məni yeyər zaman.

Bax beləcə keçir həyat.

Zalım dünya! Aman, aman!

 

Var, atalar tanıyıram,

Nə atı var, nə qamçısı.

Var, atalar tanıyıram,

Nə balı var, nə balçısı.

 

Atalar var atı, otu,

Hökm etsə susar aləm.

Deyəcəyim qardaş budu,

Buz bağlayır əldə qələm...

2014 - 2015