Azərbaycanın yeni ombudsmanı kim olacaq?
"Ümumiyyətlə, Elmira xanımın fəaliyyətindən razıyam. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bu xidməti sıfırdan yaradıb, onun peşəkar komandası var."
Mediapress.az xəbər verir ki, bu sözləri axar.az-a Milli Məclisin 2018-ci il yaz sessiyasında ombudsman postuna yeni namizədlərlə bağlı müzakirəyə çıxarılacaq qərar layihəsi ilə bağlı danışan millət vəkili Elmira Axundova deyib. Deputat yaşına baxmayaraq, Elmira Süleymanovanın güclü insan olduğunu bildirib və onun fəaliyyətini təqdir edib:
“Onun islah əmək müəsissələrində məhbusların şəraitinin yaxşılaşdırılmasında göstərdiyi fəaliyyət danılmazdır. Bəlkə də hamı bilmir, Elmira xanım həqiqətən də çox böyük işlər görüb. O, Azərbaycanın imicinin xaricdə qaldırılmasında da mühüm rol oynayıb. Ümumiyyətlə, onun fəaliyyətindən razıyam və bir müddət də işləyə biləcəyinə inanıram. Çünki o, bu xidməti sıfırdan yaradıb, peşəkar komandası var. Bu, hər adamın işi deyil. Ancaq bilirsiniz ki, qanunvericiliyə görə, yeni ombudsmanın seçilməsi üçün Milli Məclisə üç namizəd tövsiyyə ediləcək. Parlament isə 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edəcək”.
Millət vəkili daha önəmli bir məsələyə də toxunub:
“Ümumiyyətlə, informasiya ombudsmanı ayrıca bir sahə olduğuna görə onun ümumi ombudsman fəaliyyətinə birləşdirilməsini düzgün hesab etmirəm. İnformasiya ayrıca bir sahədir, onunla ayrı adam məşğul olmalıdır. Elmira xanımın işləri onsuz da çoxdur. Vaxtilə də bu birləşməyə qarşı idim. Mətbuat Şurasının sədri, hörmətli həmkarım Əflatun Amaşov da informasiya ombudsmanının ayrıca bir sahə olması qənaətindədir. Çünki ölkədə minlərlə KİV var və onların problemləri də çoxdur”.
Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi ilə bağlı məsələ Milli Məclisin 2018-ci il yaz sessiyasında müzakirə çıxarılacaq.
Hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı layihənin parlamentin 2017-ci il payız sessiyasında müzakirəyə çıxarılması gözlənilirdi. Ancaq yeni Ombudsman seçkisi təxirə düşdüyündən Elmira Süleymanova hələ ki, fəaliyyətini davam etdirir.
O, iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib.