İran hakimiyyəti belə devriləcəkdi - ŞOK İDDİA
ABŞ, İsrail və Səudiyyə Ərəbistanı İrandakı iğtişaşları qızışdırırlar.
Mediapress.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Baş prokuroru Məhəmməd Cəfər Müntəziri söyləyib.
Onun sözlərinə görə, İranda iğtişaşların alovlandırılması layihəsinin əsas müəllifi Mayk Dandreadır. Müntəziri onun əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) terrorizmlə mübarizə şöbəsində çalışdığını bildirib.
“İranda iğtişaşlar üçün xüsusi qrup yaradılıb. Onun tərkibində ABŞ, İsrail və Səudiyyə Ərəbistanı mütəxəssisləri yer alıblar. Qrupa İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-la əlaqəsi olan Maykl Dandrea rəhbərlik edib. Qrupun bütün xərclərini isə Səudiyyə Ərəbistanı ödəyib. İrana qarşı təşkil edilən plan “Davamlı Yaxınlaşma Doktrinası” adlandırılıb. Onun hazırlanmasına isə bir neçə il sərf olunub. Planın hazırlanmasında həmçinin İran Xalq Mücahidləri Təşkilatı, şah rejiminin davamçıları, millətçilər və kommunistlərlə bağlı bir neçə qruplaşma da iştirak edib. İğtişaşlar üçün İraq Kürd Muxtariyyatı və Əfqanıstanda iki operativ hücrə də yaradılıb. Bu hücrədən İŞİD döyüşçüləri ölkədəki mitinqlərə cəlb edilməliydi.
Qeyd edək ki, bundan öncə “Nyu York Tayms” qəzeti 2017-ci ilin iyunundan etibarən Dandreanın MKİ-nin İran siyasətinə rəhbərlik edəcəyi haqqında informasiya yaymışdı. Dandreanın “Kölgə şahzadə” və “Ayətullah Mayk” adlandırıldığı bildirilmişdi. O, əvvəllər Usamə bin Ladenin izlənilməsi əməliyyatına da rəhbərlik edib.