Prezident Ekvadorun xarici işlər nazirini qəbul edib...
Azərbaycan prezidenti İlham Əliyev Ekvador Respublikasının xarici işlər naziri xanım Maria Fernanda Espinosa Qarsesi qəbul edib.
APA-nın məlumatına görə, Maria Fernanda Espinosa Qarses Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakından məmnunluğunu ifadə edib.
Qonaq Azərbaycanın misli görünməmiş dərəcədə inkişafa nail olduğunu qeyd edərək ölkəmizin beynəlxalq aləmdə çox mühüm bir mövqeyə malik olmasının önəmini vurğulayıb. O qeyd edib ki, Ekvador Azərbaycan ilə ikitərəfli münasibətləri möhkəmləndirməkdə maraqlıdır.
İqtisadi əməkdaşlıqdan danışan Maria Fernanda Espinosa Qarses Ekvadorun da neft ixrac edən ölkə olduğunu vurğulayaraq bir çox sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Dövlət başçısı isə Ekvador Respublikasının xarici işlər naziri Maria Fernanda Espinosa Qarsesin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının önəmini qeyd edərək bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzvlüyə səsvermə zamanı Ekvadorun ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Söhbət zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb