MSK striptiz-klub sahibini prezidentliyə namizəd kimi qeydiyyata almadı - Rusiyada prezident seçkiləri
Seçkilərdə Vladimir Putinin rəqibi striptiz klubun sahibi ola bilərdi
Rusiya MSK-sı striptiz klubun sahibini prezident seçkilərində namizəd kimi qeydiyyata almaqdan imtina edib. Tass.ru-nun MSK-ya istinadən yaydığı xəbərə görə, bu gün “Laki Li” striptiz klubunun rəhbərinin namizədliyini irəli sürən təşəbbüs qrupunun bir neçə üzvü namizədlərini qeydiyyata aldırmaq üçün MSK-ya gəlib. Lakin təşəbbüs qrupunun üzvlərinə qeydiyyatın mümkün olmayacağı haqda məlumat verilib. Səbəb kimi heç də namizədin striptiz-klub rəhbəri olduğu göstərilməyib. Namizədin sənədlərinin tam və standartlara uyğun olmadığı və xaotik şəkildə toplandığı bildirilib. MSK sədri Ella Pamfilova məsələyə aydınlıq gətirərkən bildirib ki, namizədliyini fərdi qaydada irəli sürmüş Li soyadlı şəxs standartlara uyğun heç bir sənəd təqdim edə bilməyib. “Doğrudur, ötən ilin 30 dekabr tarixində, yeni ildən 2 gün əvvəl Linin təşəbbüs qrupunun geniş iclası olmuşdu və bu toplantıda MSK nümayəndəsi də iştirak etmişdi. Lakin qaydalara görə, toplantı iştirakçılarının sayı və kimliyi notarial qaydada qeydiyyata alınmalı idi” , - deyə açıqlama verən E.Pamfilova sənədlərdəki qüsurların çoxsaylı olduğunu bildirib.
Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri bu ilin 18 mart tarixinə planlaşdırılır.