Lavrovun Qarabağla bağlı açıqlamasında iki mühüm məqam
Qabil Hüseynli: “Rusiya ilə Türkiyə arasında bu mövzuda əvvəldən ciddi razılaşma olub”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” nəşrinə müsahibəsi zamanı Ermənistanla Azərbaycan arasında gedən müharibə barədə geniş danışıb. Bu zaman Lavrov bildirib ki, Moskva və Ankara çevik, praqmatik yanaşma göstərə bilən və bir-biri ilə əməkdaşlıq edərkən strateji baxışı rəhbər tutan iki sıx tərəfdaşdır. Lavrovun sözlərinə görə, Rusiya və Türkiyə diplomatları, hərbi və xüsusi xidmət orqanları arasında işgüzarlığın və maddi əməkdaşlığın canlı nümunəsi Suriya və Liviyada olandır. Lavrov Suriyanın İdlib bölgəsində və Fərat çayının Şərq sahilində Türkiyə ilə birgə patrul xidməti həyata keçirdiklərini xatırladıb.
Bu, Qarabağ məsələsində də birgə çözümün olmasına açıq işarə sayıla bilərmi? Yada salaq ki, Rusiya XİN başçısı əvvəllər Türkiyənin iştirakını qəbul etmirdi. İkinci mühüm məqam - Rusiya diplomatiya idarəsinin başçısı “məsələnin silah yoluyla həll edilməsini dəstəkləmirik və hərbi əməliyyatların tezliklə dayandırlmasına çalışırıq” deyib. İşarə edilən ünvanı əslində hamı yaxşı bilir: masa arxasında Ermənistanın qəbul etmədiyi “sülh danışıqları”. Sizcə, söhbət bundan gedirmi?
Politoloq Qabil Hüseynli “Yeni Müüsavat”a bildirdi ki, Rusiyanın proseslərə əvvəldən daha fəal müdaxilə etməməsi onu göstərir ki, Rusiya ilə Türkiyə arasında bu mövzuda ciddi razılaşmalar olub. Bu razılaşmalar tərəfləri baş-başa buraxmaq kimi razılığa gəlməkdən ibarət olub. Yəni nə Türkiyə Azərbaycan tərəfdən proseslərə müdaxilə etmir, nə də Rusiya Ermənistan tərəfdən müdaxilə etmir, tərəflər özləri öz problemlərini həll eləsinlər və yaxud Azərbaycan öz torpaqlarını azad etsin: “Başqa fikirlər də irəli sürmək olar. Bu fikirlər bir az sərt ola bilər. Mən o fikirləri ictimai rəyə çıxarmaq istəmirəm. Amma fakt faktlığında qalır ki, Türkiyə amili Cənubi Qafqazda ağırlığını getdikcə artırmaqdadır. Rusiya ya bununla hesablaşır, ya da əvvəlcədən əldə edilmiş razılığa uyğun olaraq hərə öz missiyasını yerinə yetirir. Azərbaycan tərəfi Türkiyənin danışıqlar masası ətrafında oturmasını tələb etdiyi zamanda, prezident Vladimir Putin söylədi ki, Türkiyə ilə əməkdaşlıqdan məmnundur və bundan sonra da əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır. Daha sonra belə bir ifadə də işlətdi ki, Rusiya ilə Türkiyənin Dağlıq Qarabağ probleminin çözülməsində ortaq fəaliyyətləri niyə də olmasın. Məncə, Sergey Lavrovun ”Kommersant"a dedikləri bu açıqlamanın davamıdır.
İndiyə qədər Putinin və Lavrovun dilindən Türkiyənin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sülhyaratma prosesində iştirakı məsələsinə müsbət fikirlər səslənməzdi. İkinci Qarabağ savaşı başlayandan sonra keçən müddətdə isə tamamilə yeni mənzərə meydandadır. Putin və hətta Lavrov da Türkiyə ilə Qarabağ məsələsinin həllində sıx əməkdaşlıq barədə müsbət fikirlər dilə gətirirlər. Bütün bunlar söyləməyə əsas verir ki, bəli, işin əvvəlindən Rusiya ilə Türkiyə arasında Cənubi Qafqazdakı geostrateji məsələlərdə bir uzlaşma var".
Politoloq hesab edir ki, bu uzlaşma öz kökünü Suriyadakı, Liviyadakı uzlaşmalardan götürür. Lavrov da məhz buna işarə edib: “Rusiya-Türkiyə əməkdaşlığı getdikcə yeni-yeni elementlərlə zənginləşir. Şübhəsiz ki, Qarabağ məsələsində hər iki tərəfin strateji marağı var. Hər iki tərəf bu bölgədə öz təsir dairəsini qoruyub saxlamağa çalışır. Amma bu təsir dairəsində Türkiyənin də Azərbaycanla bağlı maraqlarını Rusiya nəzərə almaq qərarı verib. Bu qərar isə mən deyərdim ki, reallaşma istiqamətində irəliləməkdədir. Danışıqlar 2+2 formatı üzrə gedə bilər. Düzdür, danışıqlar prosesi çətin bir proses olacaq. Hərb qurtardıqdan sonra Ermənistanın şıltaqlıqları, provokasiyaları artacaq. Amma əvvəlcədən şərtləşildiyi kimi, Ermənistanı Rusiya müəyyən məqama gətirəcək, Azərbaycan tərəfindən isə Azərbaycanla Türkiyə çıxış etməklə sülhyaratma prosesinə öz töhfələrini verəcəklər. Burada əsas məsələlərdən biri Ermənistanı təxribatlardan əl çəkdirib problemin tezliklə həllinə gətirən danışıqlar masasına oturtmağa nail olmaqdır. Məncə, Rusiya indi buna çalışır. Rusiya ilə Türkiyənin əməkdaşlığı, uzlaşması bölgədə dayanıqlı sülhün təminatı ola bilər. Bölgədə sülh Rusiyanın da, Türkiyənin də, həmçinin bütün Qafqazın xeyrinədir”.