Prezident İlham Əliyev: Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir
Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir.
Mediapress.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Pakistan bizim torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkədən biridir. Bu, ölkələrimiz arasında qardaşlıq əlaqələrimizin daha bir nümayişidir. Azərbaycan xalqı bunu bilir. Biz hər zaman Azərbaycanı kimin dəstəklədiyi və müharibə zamanı bizi kimin dəstəklədiyi barədə mesaj veririk. Ona görə də bütün şəhər və ölkə boyu Pakistan bayraqlarının olması təəccüblü deyil, bunun nəticəsində ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq güclənəcək. Bildiyiniz kimi, Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik".