ABŞ İranı Qarabağdan vuracaq və... - Gürcülər Paşinyanın Şuşa səfərinin DƏHŞƏTLİ SƏBƏBİNİ AÇDI
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın ilk səfərini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağa etməsi regional medianın da gündəmindən düşmür.
Gürcüstanın “kavkazplus” portalı bu səfəri “Paşinyan ilk olaraq Azərbaycana gəldi”, - deyə təqdim edib və bildirib ki, Qarabağ erməni hərbi birləşmələrinin işğalında olsa da, bura beynəlxalq hüquqda Azərbaycan sərhədlərinə daxil olan ərazilər olaraq qəbul edilir. Deməli, Paşinyan ilk səfərini Azərbaycana etdi.
Portal Paşinyanın Qarabağ səfəri ilə bağlı başqa versiya irəli sürür və tezliklə münaqişə zonasında hərbi toqquşmaların başlayacağını yazır.
“Paşinyan Qarabağdakı separatçı hakimiyyəti dəyişməyi çox istəyərdi, lakin qondarma “DQR”-in Ermənistandan ayrı təqdim edilməsi onun əl-qolunu bağlayır. Lakin əsas səbəb Bako Saakyanın rəhbərlik etdiyi separatçı hakimiyyətin Qarabağdakı erməni hərbi birləşmələr üzərində böyük təsirə malik olmasıdır. Ermənistan ordusunun döyüş bacarığı olan əsas hissəsi məhz Qarabağa yerləşdirilib. Meydan hərəkatının köməyi ilə “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırılsa da, onların əsas bazası Azərbaycanın işğal edilmiş ərazilərində qalır. Bako Saakyan da faktiki olaraq, Sarkisyan qədər Paşinyanın düşmənidir. Digər tərəfdən, Rusiya ordusu rəsmi şəkildə Qarabağda olmasa da, qeyri-rəsmi şəkildə təmsil olunurlar və Moskvanın Qarabağdakı orduda böyük gücü mövcuddur. Bu baxımdan, Paşinyan Ermənistanının tamamilə Qərb tərəfinə keçməsinin qarşısını almaq üçün Qarabağda təxribata əl atmaq olduqca asandır”, - deyə portal yazır.
Məqalədə bildirilir ki, hətta Azərbaycanla müharibədə erməni ordusu məğlub olsa və geriyə qaçsa belə, “Qarabağ klanı” üçün belə bir toqquşma lazımdır: “Onlar bununla “Paşinyan Qarabağı verdi”, - deyərək, Ermənistanda hakimiyyətə qayıtmağı planlaşdırırlar”.
Portal yazır ki, geosiyasi güclər – ABŞ və Rusiya da regiondakı vəziyyəti ələ almaq üçün “Qarabağ kartı”ndan istifadə edəcəklər.
“Paşinyanı hakimiyyətə gətirən Amerika üçün Qarabağda vəziyyətin kəskinləşdirilməsi prinsip etibarilə sərfəlidir. Toqquşmada erməni ordusunun qaçılmaz məğlubiyyəti Rusiyanın “belinə yüklənəcək” və erməni cəmiyyətində “günahkar Moskva” obrazı gücləndiriləcək. Digər tərəfdən, Rusiyanın köməyilə “Qarabağ klanı” müharibəyə gedərsə, erməni ordusu məğlub olacaq və Azərbaycan əraziləri qaytaracaq. Vaşinqton situasiyadan istifadə edərək, Qarabağda İrana qarşı Amerika bazası qura bilər. Beləliklə, yaxın vaxtlarda Qarabağda gözlənilməz təxribatlar müşahidə oluna bilər və bu müharibə regionda geosiyasi vəziyyəti dəyişdirəcək”, - deyə məqalədə bildirilir.
Portal amerikalıların açıq-aydın tələsməyə başladığını qeyd edir: “Paşinyanın Qarabağa səfərindən sonra ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişindən çıxdıqlarını elan etməsi də diqqət çəkir. Mayın 10-da İsrail Suriyada İran hərbiçilərini vurdu. İrana qarşı müharibə ehtimalı hər keçən gün artır və İranın sərhədində müharibə meydanı yaratmaq amerikalılara son dərəcədə lazımdır. Vaşinqton Rusiyanı Ermənistandan tamamilə sıxışdırıb, bu müharibə meydanını ala bilər. Belə “sıxışdırma” Qarabağda şüurlu təxribatla ola bilər. Sonra Rusiyanı Azərbaycana silah satmaqla ittiham edərək, erməni cəmiyyətində mövcud olan bu əhval-ruhiyyəni qaldıracaqlar. “Qarabağ klanı” da hakimiyyətə gəlmək üçün bu oyunda rol oynaya bilər. Çünki bu klanın içində Rusiya və ABŞ arasında “ikili agent” olan nümayəndələr çoxdur”.(publika)