Eynulla Fətullayev: “Müxalifət liderləri xalqı satıb!” - Eksklüziv - Emin Milli və Orduxana sərt cavab
Tanınmış jurnalist Eynulla Fətullayev ölkəmizdə baş verən ictimai-siyasi hadisələr barədə fikirlərini bölüşüb.
Mediapress.az xəbər verir ki, Eynulla Fətullayev facebook profili vasitəsilə mühacirətdə olan və Azərbaycanın iqtidarına qarşı qara-yaxma kampaniyası ilə məşğul olan bir qrup şəxsin əməllərini təhlil edib. Statusda ilk əvvəl mühacirlərin fikirlərinin məntiqsizliyi haqda analiz aparılıb.
“Meydan TV-də Emin Milli ilə Orduxan adlı mühacirlərin Azərbaycanda cərəyan edən hadisələrlə bağlı fikirlərini dinləyirəm. Bu insanlar nəinki regionda və Azərbaycanda, hətta kiçik sosial qrupda - müxalifətdə gedən prosesləri təhlil edə bilmirlər. Emin Milli və Orduxana, və ya İlqar Məmmədova qaldıqda isə - bunlar komik personajlardı, siyasətdən uzaq adamlardı. Nə savad var, nə də məfkurə... (Savad məsələsi İlqara aid deyil, ancaq İlqar siyasi məfkurə baxımdan səbatsızdır. Situasiyanı düzgün qiymətləndirə bilmir!)
Siyasi təhlil qabiliyyətinə malik olmayan bu iki insan baş sındırır - niyə Azərbaycanda inqilab baş verməyib? Niyə Ermənistanda alındı, bizdə yox?!” – deyə apponentlərinin adından suallar qoyan E.Fətullayev cavabını məntiqli şəkildə verə bilib: “Əvvəla, Sarqsyan rejimi olduqca qəddar, amansız və repressiv idi. Paşinyan başda olmaqla bugünkü hökumətin rəhbərlərinin əksəriyyəti həbsxana həyatından keçib. Paşinyanın maşınını da yandırıblar, evinə də həbs qoyublar, aylarla axtarışda olub, 7 il müddətinə azadlıqdan məhrum edilib... Yəni söhbət, Sarqsyanın demokrat, Azərbaycan hakimiyyətinin avtoritar səciyyə daşıdığından getmir! Əsla!
Ermənistandan fərqli olaraq, Azərbaycan xalqı dünyəvi liberal qərbyönlü mübarizənin perspektivinə inanmır. Bütün qüsurları və səhvləri ilə indiki hakimiyyəti daha uğurlu və etibarlı görür”.
Statusunun davamında jurnalist müxalifətin uğursuzluğunda buraxdığı qüsurların payı olduğunu bildirərək əlavə edib: “Xalq öz gələcəyini vaxtilə hakimiyyətin əlinə oynamış uğursuz siyasi liderlərlə, Əli Kərimli və İsa Qəmbər daxil, bağlamaq istəmir. Xalq mübarizənin perspektivini görmür. Çünki bütün həlledici məqamlarda dəyişməz müxalifət liderləri xalqı satıb! 30 il ərzində xalq böyük siyasi təcrübə toplayıb. Kimləri görməyib bu illərdə - Nemətdən tutmuş Elçibəyə qədər, Pənahdan tutmuş Rəsul Quliyevə, Cəmil Həsənlidən Rüstəm İbrahimbəyova qədər, hansı yalançı vədlər eşitməyib? Kimlər bu xalqı aldatmayıb?”
Sonda Eynulla Fətullayev indiki real vəziyyəti təhlil edərək hadisələrin perspektivi haqda fikir yürüdüb: “ Ona görə də xalq, içi mən qarışıq - mən də bu xalqın adi bir nümayəndəsiyəm, indiki status-kvonu Azərbaycanın milli-dövlətçilik maraqları baxımdan ən optimal hesab edir. Ən azı, prezident İlham Əliyev mahir xarici siyasəti ilə xalqı və dövləti təhlükələrdən və təlatümlərdən qoruyur..”
Xatırladaq ki, Eynulla Fətullayev mövcud facebook statusunu İsraildən paylaşıb.