Türkiyə buna görə yenidən Avropa ilə yaxınlaşır - Politoloq
"Türkiyə Avropaya, Avropa da Türkiyəyə lazımdır"
Türkiyə Avropaya, Avropa da Türkiyəyə lazımdır. Təbii ki, bu gedişlərlə Türkiyə AB-yə üzv olmayacaq. Amma Avropa Türkiyə kimi güclü bir dövlətin daim onların yanında olmasının tərəfdarıdır.
Mediapress.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Avropa İttifaqı ilə bütün Qərbi ümumiləşdirmək olmaz:
“Hər bir dövlətlə ayrı-ayrılıqda Türkiyənin normal münasibətləri var. Lakin buna baxmayaraq, istər Fransa, istərsə də Almaniya və digər dövlətlər Türkiyəni AB-yə qəbul etmək istəmirlər. Burada da bir sıra məqamlar var. Məlum məsələdir ki, bu gün Almaniyada təxminən 6 milyona, Fransada isə 4 milyona yaxın türk əsilli insanlar yaşayır. Ona görə də əgər Türkiyə AB-yə üzv olsa, bir sıra dövlətlər lokomativliyini itirə bilər. Digər tərəfdən, bir sıra dövlətlər AB-dən kənd təsərrüfatına görə dotasiyalar, Türkiyə də məhz aqrar ölkədir. Buna görə də AB ölkələri bu sahədə Türkiyənin lider olaraq müvafiq addımlar ata biləcəyindən də ehtiyat edir. Yəni Türkiyənin AB-yə üzvlüyə qəbul edilməməsinin tək səbəbi onun müsəlman dövləti olması deyil”.
Politoloq qeyd edib ki, Türkiyədə insan haqlarının tapdalanması, jurnalistlərin həbsinin gündəmə gətirilməsi bəhanədir:
“AB-nin aparıcı dövlətləri ilə Türkiyənin münasibətlərinin düzəlməsi müsbət haldır. Bundan Türkiyə də müəyyən dividentlər götürəcək. Türkiyənin ASELSAN şirkəti ilə Fransa və İtaliyanın ortaq şirkəti olan EUROSAM arasında yeni raketdən müdafiə sistemi ilə bağlı saziş imzalanıb. İqtisadi və mədəni sahədə də əməkdaşlıq müsbət bir hal kimi dəyərləndirilməlidir”.
Politoloq vurğulayıb ki, son zamanlar Türkiyənin Almaniya ilə də münasibətlərində müəyyən yumşalmalar var:
“Almanlar bunu qəbul etmək istəmirlər. Lakin Almaniya yaxşı başa düşür ki, seçicilərinin müəyyən faizi məhz türk əsilli vətəndaşlardır. Almaniyanın siyasətində Türkiyənin rolu çox mühümdür. Türkiyənin Qərblə münasibətlərinin yaxşılaşmasına digər bir səbəb isə Türkiyənin NATO blokuna daxil olan ən mühüm dövlətlərdən biri olmasıdır. Bundan başqa, AB-yə daxil olan Fransa və Almaniya ilə ABŞ arasında son vaxtlar müəyyən gərginlik yaşanır. Məhz bu gərginliyə qarşı Türkiyə də daxil olmaqla kiçik bir blokun yaradılması da mühüm amillərdən biridir”