Avropa çempionuna 4 il hökm oxundu - Bakı Ağır Cinayətlər Məhkəməsində
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xətai Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Mediapress.az Virtualaz.org-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Nərimanov rayonunda baş verib. 1983-cü il təvəllüdlü X.Məmmədov qonşusu Niyaməddin Rüstəmovu bıçaqlayıb.
Hadisəyə səbəb maşın saxlamaq üstündə yaranmış mübahisə olub.
X.Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, X.Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.