David Eydelman: “Azərbaycan bizim müttəfiqimizdir, belə də olacaq” - İSRAİL SEÇKİLƏRDƏN SONRA
Binyamin Netanyahunun gəlişindən sonra İsrailin Azərbaycanla münasibətlərində heç nə dəyişməyəcək”.
Bunu israilli politoloq, kulturoloq, siyasi və ictimai xadim David Eydelman İsraildə keçirilən seçkilərin nəticələrini və ölkənin gələcək mümkün xarici siyasətini Oxu.Az-a şərh edərkən bildirib.
“Bakı bizim müttəfiqimizdir və baş nazirimizin kim olmasından asılı olmayaraq belə də olacaq”, - deyə o əlavə edib.
Bunun əksinə olaraq politoloq digər ölkələrlə, o cümlədən ABŞ ilə münasibətlərdə proqnozların pisləşmə yönündə olduğunu qeyd edib:
“Birləşmiş Ştatlarla əlaqələr kəsilməyəcək, amma gərginlik olacaq. Vaşinqton artıq “Dini Sionizm” (DS) Partiyasının (“Likud”a dost siyasi qüvvədir - red.) nümayəndələrinin rəhbərliyində olacaq nazirliklərlə əməkdaşlıq etməyəcəklərini bəyan edib. DS liderlərindən biri İtamar Ben-Qvir isə özü üçün daxili təhlükəsizlik nazirinin, yəni polisin portfelini tələb edir. Bu gün İsrail polisinin ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) ilə əməkdaşlıq etməyəcəyini təsəvvür etmək çətindir, lakin sabah bu, reallığa çevrilə bilər. DS-nin digər nümayəndəsi Betsalel Smotriç müdafiə naziri postunu almaq istəyir. Onların bu postları alıb-almayacaqlarını deyə bilmərəm, amma fakt budur ki, Netanyahu müttəfiqlərinin hər birindən asılıdır”.
Ekspert xatırladıb ki, ABŞ və Avropa İttifaqı “Dini Sionizm” partiyasına mənfi münasibət göstərirlər.
“Səbəblərdən biri də İtamar Ben-Qvirdir. Bu çox xarizmatik lider, hüquqşünas, keçmiş sağçı fəal müxtəlif ittihamlarla, o cümlədən ərəblərə qarşı yəhudi terrorunu dəstəkləməkdə ittiham olunaraq yeddi dəfə məhkum edilib. DS qadın hüquqlarına qarşıdır. Onların təkliflərindən biri də budur ki, məişət zorakılığından əziyyət çəkən qadın polisə şikayət edirsə, hüquq-mühafizə orqanları cinayət tərkibi aşkar etmirsə (bu, iki nəfər arasında olan əhvalatdır), o zaman iddiaçını zindana salmaq lazımdır. Bu mühafizəkar dini partiya belədir”, - deyə o vurğulayıb.
Müsahib Türkiyə ilə də münasibətlərin korlana biləcəyini deyib.
“Məsələ burasındadır ki, Binyamin Netanyahu ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında çoxdan “qara pişik keçib”. Bu, 2010-cu ildə Türkiyənin “Mavi Mərmərə” gəmisi və Qəzza sahillərinə doğru hərəkət edən “Azadlıq Donanması” ilə insidentdən sonra baş verib. Həmin vaxt insanlar öldülər. Daha sonra Netanyahu ABŞ-nin ovaxtkı prezidenti Barak Obamanın təzyiqi ilə Ərdoğandan üzr istəsə də, münasibətlər pozuldu”, - deyə o əlavə edib.
Eydelman hazırda İsraillə Türkiyə arasında dostluğa doğru mütərəqqi hərəkatların olmasına baxmayaraq, şəxsiyyətlərarası səviyyədə Netanyahu ilə Ərdoğan arasında gərginliyin böyük ehtimalla qaldığını deyib.
“Köhnə incikliklər var. Bundan əlavə, yeni hökumət daha sağçı, daha radikaldır və ərəb qonşularımızla münasibətlərimiz pisləşə bilər”, - deyə politoloq izah edib.
Ekspert İranla münasibətlərin isə ABŞ ilə əməkdaşlıqdan və İsrail rəhbərliyinin hansısa gözlənilməz addım atmağa hazır olmasından asılı olduğunu vurğulayıb.
“Ehud Olmertin baş nazirliyini xatırlayın, o zaman İran kompüterləri hansısa naməlum virusla sıradan çıxarıldı. Odur ki, burada hər hansı aqressiv açıqlamalara deyil, başqa ölkələrlə, ilk növbədə ABŞ və Aİ dövlətləri ilə təhlükəsizlik və koordinasiya sahəsində planlı və qeyri-standart tədbirlərə ehtiyacımız var. Amma İsrail İranın təhlükə olduğunu yaxşı bilir”, - deyə Eydelman sözlərini yekunlaşdırıb.