Vardanyan Xankəndini qana sürükləyir: “Ya müharibə, ya tərk etmək...”
Qarabağda məskunlaşan erməni milyarder “Twitter”dəki hesabında terrorçu Monte Melkonyandan nümunə götürməyə çağırdı
Yolun bağlı qalması səbəbindən Fransadan Xankəndinə qayıda bilməyən Araik Arutyunyanın yoxluğu “dövlət naziri” Ruben Vardanyanın əl-ayağını daha da açıb. Son olaraq Vardanyan Ağdərənin işğalı altında qalan ərazilərinə gedib, orada Azərbaycanın yataqlarında qanunsuz istismarla məşğul olan “Base Metals” şirkətin rəhbərliyi və işçiləri ilə görüşüb, onların suallarını cavablandırıb.
Vardanyan deyib ki, bu vəziyyətdə iki ssenari var. “Birincisi döyüşməkdir. Etiraf etmək lazımdır ki, noyabrın 9-dan sonra bizdə sülh yoxdur, əslində müharibə davam edir. Müttəfiqlərimiz bizim güclü olduğumuzu hiss etməlidirlər. "Mən zəifəm, balacayam, gəl mənə kömək et" deyəndə deyil, yalnız hər şeyi özünüz edəndə köməyə ümid edə bilərsiniz", - deyə Vardanyan vurğulayıb.
O deyib ki, ikinci mümkün ssenari buranı tərk etməkdir. “Buna heç vaxt yol verməməliyik. Müharibə davam edir və bu vəziyyətdə biz mütəşəkkil şəkildə müqavimət göstərməyi bacarmalıyıq. Ağıllı həllər tapmalı və mübarizəyə hazır olmalıyıq. Mən buraya sizinlə birlikdə döyüşmək və qalib gəlmək, həyatımızı və gələcəyimizi müstəqil, təhlükəsiz "artsax"da qurmaq üçün gəlmişəm”. O, ilk dəfə olaraq ermənilərin “tam blokada” şəraitində olduğunu vurğulayıb. Vardanyan “Twitter”dəki hesabında isə məşhur terrorçu Monte Melkonyandan nümunə götürməyə çağırıb. O, Melkonyanın əks olunduğu 1992-ci ilin dekabrına aid videogörüntüləri də yayıb. O, bu videogörüntülərə aşağıdakı mətnlə şərh verib: “1992, Martuni, Artsax, Dağlıq Qarabağ, Monte böhrandan yayınmaq üçün yanacağın ədalətli paylaşdırılmasını təmin edir. Böhranın idarə edilməsi Artsaxda həyatın bir hissəsidir. Biz Azərbaycan ucbatından mühasirədə olsaq da, burada insanlar böhranın öhdəsindən necə gələcəklərini bilmirlər”.
Vardanyanın açıqlamaları bir daha onu göstərir ki, o, erməniləri dinc yaşayış deyil, ya müharibə, ya da Qarabağdan getmək seçimi qarşısında qoyur. Bu isə Vardanyanın erməni toplumunu Azərbaycana qarşı daha radikal addımlara sürükləməkdə davam etdiyini göstərir. Bəs bu cür şəraitdə Bakı hansı radikal addımları atmalıdır?
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Rusiyanın artıq Araiki qapı arxasında qoyduğunu düşünür: “Vardanyanın bu çıxışı onu göstərir ki, separatçılar arasında ziddiyyət var. Araiklə Vardanyan "mehriban düşməndirlər". Ola bilər ki, Rusiyaya daha Araik lazım deyil. Araik də buna görə Qərbə meyl edə bilər. Vardanyanın döyüşmək məsələsinə vurğu etməsi orada ruh düşkünlüyündən xəbər verir. O görür ki, ermənilər döyüşmək yox, oradan getmək istəyirlər. Vardanyan da deyir ki, “qorxmayın, görün qağanız nağaracaq...” Amma əslində durum yaxşı deyil. Bəxtiyar Paşanın Müdafiə Nazirliyimizdə müşavir təyin edilməsi Rusiya və digərlərinə də mesajdır. Yəni Ermənistan üçün döyüşmək istəyən qarşısında Türkiyəni görər. Separatçılar isə zaman udmaq istəyirlər. Bir-iki dəfə aviasiyamız açıq şəkildə Laçın yolu üzərində uçmalıdır. Sonra qayıdan əhaliyə regionda istifadə etmək şərtilə silah gəzdirmək hüququ verilməlidir. Bölgədə hərbi amilimiz gücləndirilməlidir. Ermənilər yuxuda da bizim ordumuzu görməlidir. Ümumiyyətlə, ordu ölkə sisteminə keçmək, aviasiyanı gücləndirmək, psixoloji təsir üçün separat bölgədə tv və interneti kəsmək lazımdır. Ancaq qida məhsullarının və dərmanın keçməsinə icazə verilməlidir. Qanunsuz fəaliyyət göstərən hər bir şəxs ki, orada şirkətdə işləyir, şəkilləri, adları, cinayət işləri yolboyu asılmalıdır ki, ənsənizdə nəfəs kimiyik".
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Vardanyanın reallıq hisslərini itirdiyini söylədi: “Vardanyan Moskva tərəfindən bölgəyə göndərildikdən sonra təxribatlarla məşğuldur. Açıqlamaları, müsahibələri Azərbaycan əleyhinə verir. Fransaya səfər etdi. İndi də erməniləri Azərbaycanla mübarizəyə səsləyir. Halbuki reallıqdan yəqin ki, xəbəri yoxdur. Görünür, II Qarabağ savaşının da nəticələrini tez unudub. Onun fəaliyyəti təxribata yönəlib. Biz onun fəaliyyətinin məhdudlaşdırılması barədə ciddi şəkildə düşünməliyik. İndi yola bizim nəzarətimiz artıq var. Bu da onun fəaliyyətinə ciddi zərbə vurub. Artıq heç nə edə bilməyəcək. Silah-sursat daşımaq imkanları tam olaraq tükəndi. Şübhəli şəxslər o yoldan keçməyə risk etməyəcəklər. Rəsmi Bakı heç bir halda onunla dialoqa keçməyəcək. Onun indiki çarəsizliyi ermənilərin gözündə də onun nüfuzunu salacaq, həm Ermənistanda, həm də Qarabağda. Bu da bizim xeyrimizə işləyəcək. Əgər Azərbaycana monitorinqə imkan verməsə, başqa yolu da qalmayacaq”.
Ramil Məmmədli
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli hərbi addımlarımızın davam etməsini vacib sayır: “Nəhayət ki, erməni liderlərindən biri açıq şəkildə bu məsələyə toxunub. Dolayısı ilə ermənilərin müharibəyə hazırlaşdığını sətiraltı şəkildə açıqlayıb. Müharibədən sonra bu məsələ ilə bağlı dəfələrlə fikirlərim olub. Hesab edirəm ki, vəziyyət dəyişməyib. Qarabağdakı erməni separatçıları hər gün müdafiə xətti formalaşdırırlar, əks hücum əməliyyatlarının məşqini edirlər, əks həmlə əməliyyatlarının da məşqini etməmiş deyillər, silah-texnika parkını yeniləyirlər. Lazım olan hərbi təyinatlı vasitələrin əldə olunmasına çalışırlar. Bunu da iki ildir gizli saxlayırdılar. Nəhayət ki, Azərbaycan açıq şəkildə bunu bəyan etdi. Bunun ardınca ekoloji problem səbəbindən aksiyalar başladı və yol bağlandı. Gördüyünüz kimi, Qarabağdakı erməni separatçılarının liderlərindən biri olan Vardanyan açıq şəkildə bildirir ki, müharibəyə hazır olmalıyıq. Bu o deməkdir ki, onlar müharibəyə hazırlaşırlar. Ermənilər bu istiqamətdə lazımi tədbirləri də görürlər. Bunu da öz müttəfiqləri və daxili imkanları hesabına həyata keçirirlər. Birmənalı olaraq, yeni hərbi əməliyyatların başlanmasının abı-havasını formalaşdırırlar. Erməni hərbi birləşmələri müharibəyə hazırlıq vəziyyətinə, yaxud lokal bir əməliyyat vəziyyətinə gətirilir. Son bir il ərzində erməni separatçılarının rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən, o cümlədən Ermənistan-Azərbaycan arasındakı sərhəddən mövqelərimizi atəşə tutması vəziyyətin getdikcə dərinləşməsindən xəbər verir. Ermənistanın Müdafiə Nazirliyinin Qarabağdakı I əlahiddə ordu hərbi birləşməsinin hərbi qüvvələri, həmçinin separatçılara tabe olan qanunsuz hərbi dəstələr bu istiqamətdə fəaliyyət göstərirlər. Ermənistan müharibəyə başlayacaqmı, başlarsa hansısa bir üstünlük əldə edə bilərmi, bu suallara cavabım budur ki, hər zaman bir deyim var, onu unutmayaq, düşməni özündən güclü bil yanaşmasını heç zaman özümüzdən uzaq buraxmayaq. Biz ordumuzu, sadəcə, gücləndirməyə davam etməliyik. Silah-texnika parkımıza da diqqəti artırmalıyıq. Qarabağdakı separatçıların mövqeləri daim nəzarət altında saxlanılmalıdır. Tərəflər hazırda gözləmə mövqeyindədir, ortada tərəflərdən hansı biri hansı addımı atacaq kimi ortada sual da var. Ermənistanın strateji hədəfində mövqelərini gücləndirməkdir, Azərbaycanın hədəfində isə işğal altında qalan digər əraziləri azad etməkdir. Təbii ki, Ermənistan böyük hərbi əməliyyatlar keçirmək gücündə deyil. Amma düşmən üçün hansısa bir istiqamətdə üstünlük əldə etmək də olduqca vacibdir, həm Qarabağda, həm də sərhəd boyunca. Azərbaycan isə buna heç zaman imkan verməməlidir, verməyəcək də. Etiraf etmək lazımdır ki, vəziyyət çox gərgindir. Hərbi addımlarımız davam etməlidir”.