\
26 Noyabr 2024 - Çərşənbə axşamı

İlham Əliyev- Azərbaycan xalqına qələbə sevincini bəxş edən LİDER

İlham Əliyev- Azərbaycan xalqına qələbə sevincini bəxş edən LİDER
1552baxış

“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”.

Ötən illər ərzində bu sözlər hər bir azərbaycanlının həyatında, sözsüz ki, özünəməxsus bir yer tutub.  Bu ifadə hər bir azərbaycanlı üçün öz ölkəsinin bütün dünyada nüfuz sahibi olan liderinin simvoluna, ən səmimi təzahürünə, xalqın sevgisini əyani şəkildə göstərən bir devizə çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həqiqətən də öz fəaliyyəti ilə hər bir azərbaycanlının lideri, xalqın qeydinə qalan, onun problemlərinin həlli, gələcəyinin sağlam təməllər üzərində inşası üçün yorulmadan çalışan prezident olduğunu dəfələrlə sübut edib. Müasir Azərbaycanın formalaşması, onun dünya dövlətləri arasında layiqli yer tutması, söz sahibi olması üçün hər bir azərbaycanlının lideri olan İlham Əliyevin misilsiz xidmətləri olub.

 

Dünyada sayılıb-seçilən lider

“Müvafiq şəffaf protokollar imzalanmışdı, amma onun sözü bizim üçün yetərli idi. Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir”.

Yəqin ki, hər birimiz Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında dilə gətirdiyi bu sözləri yaxşı xatırlayırıq. Serbiya liderinin bu fikirlərini hər bir azərbaycanlının ürəyində iftixar hissi müşayiət etmişdi. Bundan sonra isə Avropa ölkəsinin paytaxtını tərk edən Azərbaycan liderini hörmət və ehtiram əlaməti olaraq Serbiya qırıcıları müşayiət edərək növbəti dəfə İlham Əliyevin bütün dünyada sayılıb-seçilən dövlət xadimi olduğunu ortaya qoydu. Təkcə bu faktın özü belə, Azərbaycan Prezidentinin nüfuzunun, siyasətçi kimliyinin hansı mərtəbəyə çatdığını görmək üçün kifayətdir.

Azərbaycan lideri ötən illər ərzində təkcə Avropanın siyasi elitası arasında deyil, həmçinin postsovet məkanında, türk dünyasında, Qoşulmama Hərəkatına üzv dövlətlərin liderləri arasında böyük hörmət və ehtiram sahibi olduğunu bütün dünyaya nümayiş etdirib. 

İlham Əliyev Aleksandar Vuçiçin də qeyd etdiyi dünyada sözü imzasına bərabər, əməli ilə sözləri hər zaman üst-üstə düşən, hər zaman həqiqətin aliliyi prinsipinə sadiq lider kimi şöhrət qazanıb.
Təbii ki, dövlət başçısının beynəlxalq arenada nüfuz qazanması, onun sözünün hər platformada mötəbər qəbul edilməsinin səbəbi təkcə mahir siyasətçi, uğurlu lider keyfiyyətləri deyil, həm də onun öz xalqının dəstəyindən aldığı güc və qüvvətin təzahürüdür.

Uğurlu liderdən Müzəffər Ali Baş Komandana, qalib Sərkərdəyə...

Sərkərdəlik bacarığı dünyada heç də hər liderə nəsib olmayan xüsusiyyətdir. 2020-ci ilin sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsi bütün dünyaya tarixdə qəhrəmanlığı ilə iz qoymuş Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanının, uğurlu sərkərdəsinin kimliyini birmənalı olaraq göstərdi. Həmin dövrdə Azərbaycan lideri özünəməxsus siyasətçi xarizması, böyük lider duruşu ilə daşıdığı kostyumunu hərbçi libası ilə əvəz edərək Vətən savaşının ön cərgəsində xalqı arxasınca apardığını göstərdi. Xalq isə bu cür sevgi, ehtiram və şücaəti əsla qarşılıqsız qoya bilməzdi. Məhz bu səbəbdən də 44 günlük Vətən savaşı həmçinin Azərbaycan xalqının öz lideri ilə birlikdə formalaşdırdığı sarsılmaz dəmir yumruğa çevrildi. Həmin yumruq, iradə və əzm düşmənlərin belini qırdı, ədalətsizliyə qarşı günəşin al şəfəqləri altında bərq vuran bir qılınca çevrildi, həmin yumruq bir xalqın öz lideri ilə vəhdətinin, xalqın arzu və istəklərinin təcəssümünə çevrildi. Tarixi Zəfər əldə olundu, ədalətin təntənəsi hər bir azərbaycanlının gələcəyinə işıq tutdu. Xalqı Zəfərə aparan yolun Bayraqdarı, Müzəffər Sərkərdəsi isə heç şübhəsiz ki, İlham Əliyev oldu. Azərbaycan lideri bütün dünyaya göstərdi ki, öz xalqının xəyalları, idealları və prinsipləri uğrunda savaşmaq, bu yolda əlindən gələnin ən yaxşısını etmək, yorulmadan səy göstərmək, məqsədli və uzaqgörən addımlar atmaq bir lideri öz xalqının yaşayan əfsanəsinə, tarixini yenidən yazan sərkərdəsinə çevirir.

Qüdrətli Azərbaycanı inşa edən ideallar
Xalqa sədaqətlə xidmət, hər bir vətəndaşın lideri olmaq istəyi və sarsılmaz əqidə... Azərbaycan liderinin Qüdrətli Azərbaycanı inşa edərkən özünə rəhbər seçdiyi prinsiplər məhz bunlardır. Azərbaycan lideri gücünü xalqından alır, xalqının istəklərini, arzularını, onun dünyagörüşünü bilir, hər bir azərbaycanlının gələcək ümidlərini reallığa çevirəcək addımları vaxtında və qətiyyətlə atır, bu yolda sarsılmaz əqidəyə və sonsuz inama sahib olduğunu hər zaman ortaya qoyur.

Bu gün Azərbaycan öz regionunda söz sahibi ölkəyə çevrilib. Ancaq onun sözünə olan etimad və ehtiram Qafqazın hüdudlarından minlərlə kilometr uzaqda da kifayət qədər yüksəkdir. Azərbaycan başda qardaş Türkiyə olmaqla bütün türk dünyası ilə tarixi əlaqələrini möhkəmləndirir, bu münasibətlər, xalqların tarixi yaxınlığı və vəhdəti strateji müstəvidə parlaq gələcəyə zəmin formalaşdırır. Bu gün Azərbaycan lideri dünyanın hər bir paytaxtında görkəmli dövlət xadimi, uzaqgörən siyasətçi kimi qarşılanır, sözünə və əməlinə böyük etimad göstərilən bir lider kimi yola salınır. İstər türk dünyasında, istər Cənubi Qafqazda, istər postsovet məkanında, istərsə də dünyanın digər bölgələrində İlham Əliyev öz xalqını layiqincə təmsil edir, şəxsi nüfuzunu, qazandığı sonsuz hörmət və dəyəri öz dövlətinin maraqları, Azərbaycanın gələcəyi uğrunda səfərbər edir.

Xalqla çiyin-çiyinə keçən, ona xidmətə həsr olunan ömür...

Azərbaycan xalqı İlham Əliyevin liderliyində özünün uğurlu inkişaf və tərəqqi yoluna sürətlə davam edir. Ancaq bu yolda siyasi, iqtisadi, strateji planda bütün amillər də nəzərə alınmaqla ən güclü həlqə, birləşdirici məqam, sözsüz ki, xalqın öz lideri ilə doğmalığı, həmrəyliyi və vəhdətidir.

Dövlət başçısı, müzəffər Ali Baş Komandan bu yolda xalqın saf sevgisini, etimadını və sarsılmaz inamını öz sadəliyi və xalqına xidmətə sərf etdiyi, çətin və məsuliyyətli proseslərlə dolu illərdə göstərdiyi qətiyyət və əzmlə qazanıb. Bu gün Azərbaycan, şübhəsiz ki, dünyanın ən sürətlə inkişaf edən və tərəqqi yolunda inamla irəliləyən ölkələrindəndir. Burada əsas sirr xalqın və onun bağrından çıxan layiqli liderin bir-birinə olan ayrılmaz bağlılığı, sədaqəti və sevgisidir.

Bu cür münasibətlərin, qarşılıqlı etimad və sevginin hökm sürdüyü bir cəmiyyətin isə tərəqqi və inkişaf etməməsi demək olar ki, mümkünsüzdür. Prezident İlham Əliyev Azərbaycan xalqının lideri kimi həyatının 61-ci ilini də öz xalqına yorulmadan xidmət etməklə keçirir. Dövlət başçısının keçirdiyi görüşlər, xarici səfərlər, imzalanan sazişlər, planlaşdırılan layihələrin hər biri bu əzəmətli yolda Azərbaycanı rifah və firavan gələcəyə aparır. Xalqla çiyin-çiyinə keçən, ona xidmətə həsr olunan ömür həm o xalqın, həm də onun liderinin adını tarixin şanlı səhifələrində qızıl hərflərlə yazır... Xalqın və liderin vəhdəti, sarsılmaz birliyi isə elə Azərbaycanın bu gününü şanlı tarixə çevirir!