\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Aleksandr Musiyenko: “İranın Rusiyaya kamikadze dron tədarük etdiyi faktdır, Ukraynanın müvafiq sübutları var”

Aleksandr Musiyenko: “İranın Rusiyaya kamikadze dron tədarük etdiyi faktdır, Ukraynanın müvafiq sübutları var”
1463baxış

Artıq bir neçə aydır İrana məxsus olan pilotsuz uçuş aparatlarının Ukraynadakı hərbi əməliyyatlarda istifadə edilməsi sərt beynəlxalq reaksiyalara səbəb olub.

İran tərəfi öz açıqlamalarında qeyd edir ki, Ukraynanın bombardman edilməsində istifadə olunan pilotsuz uçuş aparatları hərbi əməliyyatlar başlamazdan çox əvvəl Rusiyaya satılıb.

Lakin Ukrayna tərəfi İranın Rusiyaya 2 400 ədəd pilotsuz uçuş aparatı verdiyini iddia edir. Bu məsələ hətta BMT-də müzakirəyə çıxarılıb.

Bu günlərdə isə Rusiyaya PUA tədarük edən İran Kiyevə qarşı sərt bəyanatlar səsləndirib. Bəs Ukraynada insanlar bu cür bəyanatlara necə yanaşırlar?

Kiyev Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musiyenko Oxu.Az-a açıqlamasında bildirib ki, Ukrayna Rusiyanın təcavüzünə dəstək verən İranın mövqeyini pisləyir:

“Tehranı təmsil edən şəxslərin döyüşən tərəflərdən heç birinə hərbi yardım göstərmədiklərinə dair bəyanatlarından asılı olmayaraq, İranın Rusiya Federasiyasına kamikadze pilotsuz uçuş aparatları verməsi faktdır. Ukraynanın buna dair müvafiq sübutları var.

Biz İranın hərəkətlərini pisləyirik və onları Rusiya Federasiyasına dəstəyi dayandırmağa çağırırıq. Bizim problemlərin başqa səviyyəsinə dair təsəvvürlərimiz də var. Söhbət İranın yaxınmənzilli ballistik raketlərinin Rusiyaya tədarükündən gedir. Bu da öz növbəsində təhdidin başqa bir səviyyəsi deməkdir. Və əgər İran İslam Respublikası buna getsə, İran və Rusiyanın hərbi ittifaq yaratdığı tam aydın olacaq. Bunun müqabilində İran nüvə proqramını davam etdirmək üçün Rusiya Federasiyasından dəstək ala bilər. Bu dəstəyə həmçinin “Su-35” təyyarələrinin və digər silah növlərinin tədarükü də daxildir.

Bütün bunlar təkcə Ukrayna üçün deyil, bütün region ölkələri, xüsusən də İranın qonşuları, o cümlədən Yaxın Şərqdəki ölkələr üçün təhlükə yaradır. Biz özümüz üçün İranla qarşıdurma yolunu seçməmişik. Ukraynanın məqsədi münasibətlərini konstruktiv qurmaqdır və biz tərəfdaşlarımızla birlikdə İranı Rusiyaya silah verməkdən çəkindirmək üçün yollar axtarırıq”.