Ceyhun Bayramovla BƏƏ xarici işlər və beynəlxalq əməkdaşlıq naziri telefonla danışıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.
XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan ikitərəfli və beynəlxalq platformalarda münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və əlaqələrib gələcək perspektivlərini müzakirə ediblər. Nazirlər yeni 2023-cü ildə siyasi, iqtisadi, ticarət və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Nazir Ceyhun Bayramov həmkarını bölgədəki vəziyyət, habelə post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib.