\
23 Noyabr 2024 - Şənbə

Qarabağda yeni müharibə xəbərdarlığı kimə mesajdır, kimi qorxudurlar və niyə?

Qarabağda yeni müharibə xəbərdarlığı kimə mesajdır, kimi qorxudurlar və niyə?
1493baxış

Amerikalı analitiklərin proqnozlarına görə, Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru irəliləyirlər, qaçılmaz müharibə qısamüddətli, lakin ağır olacaq; azərbaycanlı təhlilçilər də bu qənaətdədir ki...

Amerikanın nüfuzlu “Foreign Policy” nəşri Azərbaycan və Ermənistan sərhədində mövcud vəziyyəti ətraflı şərh edib. “Yeni Müsavat”ın məlumatına görə, siyasət ekspertlər əmindirlər ki, Ukraynadakı müharibə Cənubi Qafqazda yeni qüvvələr balansına təsir edib.

“Dağlıq Qarabağ uğrunda müharibənin bitməsindən iki il sonra Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru irəliləyirlər”, - amerikalı analitiklər deyirlər. Onların proqnozlarına görə, Azərbaycan və Ermənistan arasında yeni qaçılmaz müharibə qısamüddətli, lakin 2020-ci ilin 44 günlük müharibəsindən heç də az dramatik olmayacaq. Nəşr xatırladır ki, 7000-dən çox əsgərin həyatına son qoyan İkinci Qarabağ müharibəsi Azərbaycanın qeyd-şərtsiz qələbəsi ilə başa çatıb - bu ölkənin silahlı qüvvələri Ermənistan ordusunu sözün əsl mənasında məğlub edib. Amerikalı analitiklərin fikrincə, Ermənistan ordusu böyük çətinliklər, xüsusən də silah çatışmazlığı yaşayır. Əksinə, Türkiyənin dəstəklədiyi Azərbaycan öz hərbi potensialını artırır. Bundan əlavə, Bakı da avropalıların Azərbaycan qazına artan tələbatından ruhlanır.

Nəşr onu da vurğulayır ki, Ukraynadakı hərbi uğursuzluqlar fonunda Rusiya Ermənistan-Azərbaycan sərhədində yeni eskalasiyanı dayandıra bilməyib. Amerikalı analitiklər bununla Azərbaycan qoşunlarının sərhəd boyunca irəliləməsinə işarə edirlər. “Foreign Policy” əlavə olaraq bildirir ki, Ermənistan müharibədə məğlubiyyətdən sonra Dağlıq Qarabağa xüsusi status verilməsi tələbindən imtina edib, lakin yenə də erməni əhalisinin hüquqlarının və təhlükəsizlik təminatının təmin edilməsində israrlıdır. Bakı da öz növbəsində Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının istifadə etdiyi hüquqları verməyə hazırdır. Amerika nəşrinin yazdığına görə, Moskva Ukraynadakı müharibə səbəbindən qarşıya qoyduğu məqsədləri həyata keçirə bilməyib. 2021-ci ilin sonunda Moskva Avropa İttifaqının vasitəçilik missiyası ilə razılaşdı, lakin Ukrayna faktorunun təsiri altında sonradan Avropa diplomatiyasının regionda təsirini cilovlamaq nöqteyi-nəzərindən səylərini gücləndirmək barədə düşünməyə başladı.

Nəşr sülh sənədi ilə bağlı Rusiya planı və “Vaşinqton prosesi” arasında paralellər aparıb. Digər tərəfdən, ekspertlərin fikrincə, tərəflər birgə layihə hazırlamağa çalışsalar da, yanaşmaları hələ də bir-birindən çox uzaqdır. Bununla belə, amerikalı analitiklər sülh danışıqlarının heç bir nəticə verməyəcəyini və yeni müharibənin başlayacağını proqnozlaşdırırlar. Azərbaycan isə hərbi variantın köməyi ilə öz məqsədlərinə çatacaq. Bu təhlillər nə dərəcədə 2023-cü il üçün real görünür? Yeni hərbi toqquşmalar mümkündürmü? Sərhəddə sentyabr münaqişəsinə bənzər döyüşlərin olması üçün nə kimi zərurət yaranmaqdadır? Son dövrlər Azərbaycan Ordusunun rəhbərlərinin hərbi hissələrə tez-tez baş çəkməsi də ermənilərin növbəti təxribatlarına hazırlıq kimi qəbul edilir.

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a qeyd etdi ki, yeni genişmiqyaslı müharibə gözlənilməsə də, lokal hərbi toqquşmalar istisna deyil. Hərbi ekspertin sözlərinə görə, Ermənistan silahlı qüvvələri Qarabağda xidmət edir və rəsmi İrəvan hər nə qədər bu faktı təkzib etsə də, düşmən ölkənin ordusunun 1-ci əlahiddə korpusu bölgəni tərk etməyib, bu da Azərbaycana güc yolundan istifadəyə arqument verməkdədir: “Qarabağa silah-sursat, mina, hərbi texnika daşınması bizə əsas verir ki, məcburiyyət qarşısında ordumuz addımlar atsın. Çünki Ermənistan 2022-ci ili müxtəlif bəhanələrlə yola verdi, vaxt udmağa çalışdı, bu dəfə isə prosesi acı bağırsaq kimi uzatmağa imkan vermək olmaz. Sülh danışıqları 2023-cü ildə eyni templə davam etsə, nəticəsizlik hökm sürsə, o halda bizim güc yolundan başqa əlacımız qalmır”.

Üzeyir Cəfərov təhdid edildi: "Məni Qroznıya aparıb, Kadırova baş əydirmək  istəyən qaqaşları gözləyirəm"

Üzeyir Cəfərov 

Ü.Cəfərov amerikalı analitiklərin proqnozlarını bu baxımdan real hesab edir və lokal döyüşlərin olmasını gözləyir: “Paşinyan bizi ittiham edir ki, yeni hücuma hazırlaşırıq. Açığı, Ermənistanın baş naziri hər gün bir fikir səsləndirir. Amma belə çıxışlar etməkdənsə, yaxşı olardı ki, Qarabağda qalan silahlı erməniləri çıxarsın. Sadəcə, Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Azərbaycanı aqressor kimi təqdim etməyə çalışır. Halbuki üçtərəfli sənədin bütün bəndlərini icra etsələr, hərbi qarşıdurmalara da zərurət yaranmaz”.

Azərbaycandan sərt reaksiya verildi, keçmiş səfir “beyni yuyulmuş, milli  kimliyini unutmuş” şəxs adlandırıldı

Oqtay Qasımov

Politoloq Oqtay Qasımovun fikrincə, bu, kifayət qədər ciddi analitiklərin birgə məhsulu kimi ortaya çıxarılıb: “Aydındır ki, bütün hadisələri hərtərəfli araşdırıb təhlil verirlər. Onların gəldiyi qənaət əslində yuxarıda dediyimiz kimi, məhz Ermənistanda revanşist duyğuların kifayət qədər güclənməsi və İrəvanın hərbi xərcləri artırması, bəzi ölkələrlə hərbi əməkdaşlığı genişləndirməsi, silah-sursat almaq niyyəti və digər məqamlardan doğur. Erməni cəmiyyəti də sanki iki hadisəni gözləyir. Birincisi, Rusiya-Ukrayna savaşının nəticəsini. İkincisi, Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticəsini. Bu seçkinin nəticələrinə uyğun hərəkət etməyi planlayırlar. Əslində bu tipli toqquşmanı biz 12-13 sentyabrda yaşamışıq. Bu, Ermənistan tərəfindən həyata keçirən təxribat idi. Bizim onlarla şəhidimiz oldu, amma Ermənistan tərəfinin itkiləri ölən və yaralananlarla birlikdə 500-ün üzərindədir. Mən də düşünürəm ki, hadisələrin bu cür davamı elə mərhələyə gətirib çıxara bilər ki, Ermənistan tərəfindən növbəti təxribat baş verər, bunun qarşısını almaq üçün Azərbaycan da adekvat addımlar atar. Bu toqquşmanı mən real hesab edirəm”. Ekspertin sözlərinə görə, 2023-cü ildə də Ermənistan qeyri-konstruktiv və revanşist davranışlarını davam etdirəcəksə, bu kimi qarşıdurma mümkündür: “Qısamüddətli, bir həftə və ya on gün müddətində hərbi qarşıdurma ola bilər. Çox müsbət haldır ki, Azərbaycan Ordusu belə təxribatlara hazır olduğunu nümayiş etdirir. Son iki ildə ordumuzun güclənməsi və döyüş qabiliyyətinin artırılması istiqamətində addımlar atılıb, hərbi təchizatla bağlı böyük irəliləyişlər var. 2022-ci ildə onlarla təlim keçirilib. 2023-cü ilin əvvəllərindən Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən nazir özü döyüş bölgələrindəki hərbi hissələrdə baxış və yoxlamalar keçiriblər. Bu göstərir ki, Azərbaycan ordusu mümkün təxribatlara qarşı hazırlıq səviyyəsini artırır. Sülh imkanları olduğu halda toqquşma olmasını istəməzdik. Amma təxribat olacaqsa, bunun da cavabının yüksək səviyyədə veriləcəyini gözləməlidirlər”.

ABŞ və Avropa çalışacaq ki, sülh müqaviləsi alınmasın” - Sülhəddin Əkbər

Sülhəddin Əkbər

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərin sözlərinə görə, nə yaxşı ki, dünyanın geopolitik inkişafı həlledici mərhələyə qədəm qoyub. Analitikin fikrincə, metropoliya kimi Rusiyanın Ukraynada strateji bataqlığa saplanması bizə imkan verir ki, Qarabağdakı məsələləri köklü şəkildə, tam və qəti həll edək: “Ancaq bundan ötrü Azərbaycan öz geopolitik seçimini düzgün etməli, geosiyasi oyunçularla öz yerli, lokal oyunlarını düzgün uyğunlaşdırmalıdır. Əgər biz bu geopolitik vəzifənin öhdəsindən gələ biləriksə, yəni düzgün seçim edib qalib gələcək tərəfdə ola biləriksə, 2023-cü ildə bizim üçün bir fürsət pəncərəsi açılacaq. Hesab edirəm ki, mart-aprel aylarından başlayaraq bizim üçün uğurlu bir dövr başlanacaq. Və həmin vaxt biz çox qısa bir zamanda Qarabağdakı qalan problemləri çözməliyik”.

S.Əkbərin sözlərinə görə, bu, hərbi-siyasi bir əməliyyat olmalıdır: “Necə ki, 2020-ci ilin payızında uğurlu bir zaman seçib BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini özümüz hərbi güc hesabına əsasən icra etdik və nəticədə de-fakto durum yaratdıq. Ona bənzər şəkildə biz bu dəfə də düzgün geopolitik seçim edərək uğurlu bir zamanda, təxminən aprel ayında, hər zaman dediyim kimi, 48-72 saat ərzində məsələni hərbi cəhətdən həll edib, de-fakto durum yaratmaqla Qarabağ və Şərqi Zəngəzurun nəzarətimizdə olmayan hissəsində tam nəzarəti bərpa edib, ondan sonra da bunun siyasi-diplomatik nəticələrini təsbit etməliyik. Bizim qarşımızda belə bir kritik vəzifə durur. Və biz onun yerinə yetirilməsinə hərtərəfli hazır olmalıyıq”.

Bakı Qarabağı nə ATƏT, nə də Ermənistanla müzakirə etmək fikrindədir" - ZAUR  MƏMMƏDOV

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov hesab edir ki, Paşinyanın və separatçıların 2022-ci ildə öhdəliklərindən yayınması, bəzi dövlətlərin gələcək ay və illərdə Azərbaycanla bağlı hərbi təhdidləri növbəti lokal əməliyyatları labüd edə bilər: “Mümkün üçüncü raund, Avropadan Çinə qədər sabitliyi yaradacaq və yeni regional və qitələrarası nizamı formalaşdıracaq. Hər kəsin çox az vaxtı var. Bu və ya digər şəkildə qalib tərəf Azərbaycan olacaq!”

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

 Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı xatırladır ki, Paşinyan “Azərbaycanın hərbi əməliyyatlar hazırladığını, bunu həm də Qarabağda planlaşdırdığını iddia etmək üçün ilkin şərtlər var” iddiasını irəli sürüb: “Nikolun ”Azərbaycan əməliyyata hazırlaşır" iddiası da Laçın yolunda baş verənlər fonunda beynəlxalq diqqəti Qarabağda “humanitar” fəlakətə yönəltməyə hesablanıb. Lakin bu, həm də prosesin inkişafı istiqamətini də müəyyən edir: Ermənistan “Qarabağda "humanitar fəlakət" iddiasını BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxara bilsə də, praktiki nəticə əldə edə bilmədilər".