\
23 Noyabr 2024 - Şənbə

"Azərbaycanın gördüyü legitim tədbirlərin Laçın yolunun bağlanması kimi təqdim edilməsi kökündən yanlışdır" - XİN

"Azərbaycanın gördüyü legitim tədbirlərin Laçın yolunun bağlanması kimi təqdim edilməsi kökündən yanlışdır" - XİN
1123baxış

"Azərbaycanın gördüyü legitim tədbirlərin Laçın yolunun bağlanması kimi təqdim edilməsi kökündən yanlışdır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin bölgədə vəziyyət barədə bəyanatını şərh edərkən deyib.

Nazirlik rəsmisi qeyd edib ki, 2020-ci ildə 44 günlük müharibədən sonra ölkəmizin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə təhdid olmaqda davam edən erməni silahlı qüvvələrinin ərazilərimizdən tam olaraq çıxarılmaması ilə yanaşı, Laçın yolundan istifadə etməklə Ermənistanın qeyri-qanuni fəaliyyətlər aparmasına, Azərbaycan ərazilərinə silah-sursat, eləcə də mina daşınmasına, Azərbaycanın təbii sərvətlərinin Ermənistana aparılmasına Azərbaycan tərəfinin etirazlarına heç zaman məhəl qoyulmaması və gördüyü legitim tədbirlərin Laçın yolunun bağlanması kimi təqdim edilməsi kökündən yanlışdır:

"Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarlarının açıq-aydın şəkildə yanlış şərh edilməsinin heç bir nəticə verməyəcəyi aydın olmalıdır. Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın Laçın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən 6 iyul tarixli qərarı bir daha göstərib ki, Azərbaycanın öz təhlükəsizliyini qoruması legitim tədbirdir", - A.Hacızadə vurğulayıb.