Pentaqondakı gizli yazışmaların açıqlanması... - Korotçenko
Mahiyyəti gizli olan bir məktubun ABŞ mediası tərəfindən yayımlanması xəyal qırıqlığı yaşadır.
Bu sözləri Rusiya “Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun amerikalı həmkarı Cozef Danforda Suriya ilə bağlı məxfi məktub göndərməsinə münasibət bildirərkən deyib. O, bu məsələdə Pentaqonun məsuliyyətli olmadığını bildirib:
“Bu vəziyyət Pentaqonda hərbi qurumlar arasındakı gizli yazışmaların ictimaiyyətə açıqlanmaması gərəkdiyini başa düşməyən məsuliyyətsiz şəxslərin varlığından xəbər verir”.
Rusiyalı ekspert həmçinin Suriyadakı insanların yurdlarına geri qayıtması, iş sahibi olması, Suriya iqtisadiyyatının inkişafı üçün əvvəllər olduğu kimi, Moskvanın ABŞ-la əməkdaşlığa davam edəcəyindən əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov 19 iyulda ABŞ-ın Baş Qərargah rəisi Cozef Danforda Suriya ilə bağlı məxfi məktub göndərib. Məktubda Gerasimov Suriya qaçqınlarının geri qaytarılması və ölkənin dağıdılmış infrastrukturunun bərpası istiqamətində birgə çalışmağı təklif edib. Rusiya tərəfinin birgə fəaliyyət haqqında etdiyi təklif Bəşər Əsəd rejiminin nəzarəti altında olan regionlara aid edilib. (axar)