Yaponiya və Rusiya arasındakı nifaq adaları - Moskva Kurili hərbi bazaya çevirir
Yaponiya hökuməti Rusiyanın İturup adasına Su-35C qırıcı təyyarələrinin yerləşdirməsinə sərt təpki verib.
Musavat.com TASS agentliyinə istinadla xəbər verir ki, Yaponiya Nazirlər Şurasının baş katibi Yosixide Suqa ölkəsinin bununla bağlı Moskvaya rəsmi etiraz notası göndərdiyini açıqlayıb.
Qeyd edək ki, Kuril adaları Kamçatka yarımadası ilə Hokkaydo adası arasında adalar qrupu olub, Oxot dənizini Sakit okeandan ayırır.
30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.) və çoxlu kiçik ada və qayalardan ibarət olan Sakit okeanın bu bölgəsi iki ölkə üçün strateji əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, Tokio Kuril adalarının mənsubiyyəti ilə bağlı 2-ci dünya müharibəsindən bu yana mübahisə aparır. Yaponiya SSRİ tərəfindən ələ keçirilən bu adaların Rusiyaya aidliyini qəbul etmir.
Bunula bağlı olaraq iki ölkə arasında beynəlxalq təhlükəsizliyin təmin olunması ilə bağlı saziş hə imzalanmayıb. Xüsusilə Moskvanın çox istədiyi bu müqavilə ilə bağlı Tokio ərazilərin ona qaytarılmasını tələb edir. Moskvanın adaların geri verilməsi məsələsində tələb etdiyi böyük təzminat məbləği Yaponiya hökuməti tərəfindən qəbul olunmur.
Vladimir Putin hakimiyyətə gəldikdən sonra SSRİ dövründə unudulan adalar hərbi təlimlərin keçirildiyi və qırıcı təyyarələrin yerləşdiyi bazaya çevrilib.
Hələ keçən həftə Moskvada Ruisya və Yaponiya arasında “iki üstəgəl iki” (xarici işlər və müdafiə nazirləri) formatında danışıqlar aparılıb. İki ölkənin hərbi və xarici siyasət idarələrinin başçıları regional və qlobal təhlükəsizlik problemlərinin həll olunması sahəsində işlərin görülməsi ilə bağlı qarşılıqlı təminat veriblər. Lakin Kuril məsələsində hər hansı anlaşma əldə olunmayıb.