\
24 Noyabr 2024 - Bazar günü

Rusiya XİN-ə etiraz notası göndərilib

Rusiya XİN-ə etiraz notası göndərilib
1974baxış

Nikol Paşinyanın həyat yoldaşının təşkilatçılığı ilə Rusiyadan olan bir qrup qadının işğal olunmuş ərazilərə səfəri ilə bağlı...

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunduqdan sonra onu xarici siyasət idarəsində Leyla Abdullayeva əvəzləyib. Leyla xanım hələlik XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edir.

1981-ci ildə Bakıda anadan olan, orta təhsilini Bakıda alan, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisasına yiyələnən L.Abdullayeva 2002-ci ildən XİN-də çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini  vəzifəsində çalışıb. Bu mənada onu xarici siyasət idarəsində yeni hesab etmək olmaz.

Qeyd edək ki, indiyədək Tahir Tağızadə, Xəzər İbrahim, Mətin Mirzə, Elxan Poluxov, Elman Abdullayev müxtəlif vaxtlarda XİN-in mətbuat xidmətinə rəhbərlik ediblər. Etiraf edək ki, mətbuat nümayəndələri olaraq onların hər birinin fəaliyyətindən, media ilə sıx əlaqələrindən və operativliyindən daim razı qalmışıq. Hətta bir gözəl ənənə yaranmışdı: ezamiyyət və məzuniyyət zamanı da xidmət rəhbərləri medianı məlumatlandıraraq, işlərini həvalə etdikləri şəxslə əlaqə imkanlarını xatırladırdılar. Bu mənada inanırıq ki, Leyla xanımın quruma rəhbərlik etdiyi dönəmdə də mətbuat üçün problem yaranmayacaq, xanım xidmət rəhbəri mətbuat üçün əlçatan nazirlik əməkdaşı olacaq. Hər halda, xidmət rəhbəri təyin olunduqdan sonrakı qısa dönəm ərzində mətbuata açıqlamaları, Ermənistanın təxribatçı addımlarına operativ cavabları nikbin olmağa əsas verir. Hər halda, xanım diplomata uğur arzulayırıq. Ermənistanla informasiya savaşında mətbuat-XİN əməkdaşlığının nə qədər önəmli olduğunu hər birimiz bildiyimizdən yeni xidmət rəhbəri ilə əməkdaşlığımıza böyük önəm veririk.  

Bu yerdə “Yeni Müsavat” olaraq aktual saydığımız bəzi məsələlərlə XİN-in mətbuat xidmətinə ünvanladığımız suallara aldığımız cavabları diqqətinizə çatdırırıq:

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdan gələn görüşü barədə nə deyə bilərsiniz?

-Bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə baş tutan görüşündən sonra həmsədrlər tərəfindən verilmiş açıqlamada da qeyd edildiyi kimi, həmsədrlərin yaxın zamanda bölgəyə səfərinin həyata keçirilməsi və cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulur. Görüşün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.

- Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın təşkilatçılığı ilə Rusiyadan olan bir qrup qadının bu yaxınlarda ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Rusiya tərəfinə etiraz edilibmi?

- Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən Rusiya vətəndaşları ilə bağlı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanıb. Ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi “arzu olunmayan” şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək.