\
24 Noyabr 2024 - Bazar günü

ABŞ-da federal hökumətin tam fəaliyyəti bərpa edildi

ABŞ-da federal hökumətin tam fəaliyyəti bərpa edildi
1675baxış

ABŞ prezidenti Donald Tramp federal hökumətin yenidən açılmasını nəzərdən tutan qanun imzalayaraq üçgünlük hökumət qapanışına son qoyub. Federal büdcənin təsdiq olunmaması üzündən baş verən qapanışda Respublikaçılarla Demokratlar arasındakı başlıca ixtilaf nöqtəsi mühacirət məsələsi idi.

Bazar ertəsi axşamüstü Nümayəndələr Palatası Senatın təsdiq etdiyi ölçüyə səs verərək onu imzalanmaq üçün prezidentin masasına göndərib.

“Davamlı ölçü” adı ilə tanınan qəbul olunmuş müvəqqəti büdcə qanunu hökuməti fevralın 8-dək maliyyələşdirəcək. Ümid olunur ki, həmin vaxtadək Konqres uzun-dönəmli büdcə üzərində razılıq əldə edəcək.

"Bu, ölkə üçün yaxşı xəbərdir," deyə Demokrat Senator Şerrod Braun bildirib.

"Bu günü bayram etmək lazımdır," deyə Respublikaçı Senator Susan Kollins bildirib. "Hökumət qapananda, bu o deməkdir ki, biz öz idarəçilik borcumuzu yerinə yetirməmişik."

"Məmnunam ki, Konqresdəki Demokratlar özlərinə gələrək möhtəşəm hərbi qüvvələrimizi, sərhəd patrul xidmətini və təcili yardım işçilərini maliyyələşdirməyə razılıq verdilər," deyə Prezident Donald Tramp mətbuat katibi Sarah Hakabi Sanders vasitəsilə açıqladığı bəyanatda bildirib.

Bundan öncə Senatda Respublikaçı çoxluğun rəhbəri Mitç MkKonnell Demokratları əmin edib ki, Senat bir çox mühacirət məsələlərinə baxacaq.

Bu sıraya qeyri-qanuni mühacirlərin özləri ilə Amerikaya gətirdikləri övladlarının bu ölkədə işləmək və təhsil almaq hüququ daxildir ki, prezident Trampın bunu təsbit edən proqramı ləğv etməsi həmin şəxslərin gələcəyini sual altına alıb ("Amerikanın səsi").