“Ərdoğan hədəflərinə çatmayacaq!”
100 nəfərlik ordunun Türkiyəyə qarşı QORXUNC PLANI
PKK terror təşkilatının yüksək rütbəli hərbi komandirlərindən olan Siyabend Velad ABŞ-dan aldıqları son təlimatı açıqlayıb.
Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, terror təşkilatının media qurumu ANF-ə danışan Velad ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) onlara “Türkiyə ilə sərhəddə 100 min nəfərlik ordu qurun, bütün gücümüzlə yanınızdayıq” dediyini söyləyib.
“Suriya Demokratik Gücləri”, YPG (PKK terror təşkilatının Suriya qanadı - red.) və YPJ-nin (YPG-nin qadınlardan ibarət bölməsi - red.) bir çətir altında birləşdiyini deyən Velad yeni ordunun tezliklə tamamlanacağını bildirib. Onun sözlərinə görə, yeni ordunun 13 alayının formalaşması artıq başa çatdırılıb.
ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurk (Türkiyədə “müstəmləkə valisi” adlandırılır - red.) ilə “yeni dövr və yeni ordu” layihəsini tətbiq etməyə başladıqlarını bildirən PKK komandiri Vaşinqtonun 2018-ci il üçün təşkilata 400 milyon dollarlıq hərbi yardım barədə söz verdiyini dilə gətirib.
“Ortaq ordu layihəsi Suriyanın bütün şimalını əhatə edəcək. Bu mərhələdən sonra heç bir güc bizə hücum edə bilməyəcək və bölgədə varlığımızı hər kəs qəbul etmək məcburiyyətində qalacaq. ABŞ bizə hər mövzuda zəmanət verib və “ələ keçirdiyiniz bölgələrdə heç bir güc sizə müdaxilə edə bilməyəcək” mesajı göndərib. İŞİD-lə mübarizədə qazandığımız təcrübəni Türkiyəyə qarşı istifadə edəcəyik”, - Velad Türkiyəni təhdid edib.
O, 100 min nəfərlik PKK ordusunun ABŞ-dan təlim, silah, sursat və diplomatik dəstək alacağını ifadə edib. PKK-çının sözlərinə görə, amerikalı komandirlər onlara “Ərdoğanın hədəflərinə çata bilməyəcəyini” deyib.
Bölünməmiş Suriyanın “boş yuxular” olduğunu iddia edən PKK lideri Dəməşqi də təhdid edərək heç bir gücün onları ələ keçirdiyi torpaqlardan çıxarda bilməyəcəyini vurğulayıb.