KİV: Gürcüstanın Baş naziri dəyişdiriləcək
Gürcüstanın bəzi mətbuat orqanları hökumətdə tezliklə dəyişikliklərin baş verəcəyi barədə məlumatlar yayıblar.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Baş nazir Mamuka Baxtadze daxili işlər naziri Giorgi Qaxariya ilə əvəzlənəcək.
Mətbuatın yazdığına görə, hakim Gürcü Arzusu Partiyasının rəhbəri Bidzina İvanişvili Baş nazirin dəyişdirilməsi ilə bağlı artıq qərar qəbul edib.
Yerli ekspertlər də G.Qaxariyanın Baş nazir olacağını proqnoz edirlər. Onların fikrincə, B.İvanişvilinin söz verdiyi dəyişikliklər daxili işlər nazirinin Baş nazir təyin olunması ilə yekunlaşacaq.
KİV həmçinin müdafiə naziri Levan İzoriyanın da vəzifəsindən uzaqlaşdırılacağı barədə xəbərlər yayıb.
Yayılan məlumatları şərh edən Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bu cür informasiyaları ciddi qəbul etmədiyini bildirib: “Partiyamızın lideri Bidzina İvanişvili bir neçə həftə öncə həqiqətən də il ərzində hökumət və hakim partiyada dəyişikliklərin baş verəcəyini bildirib. Lakin o, Baş nazirin əvəzlənməsi barədə heç bir şey deməyib”.