\
24 Noyabr 2024 - Bazar günü

İran DİN: Ölkədəki iğtişaşlar tezliklə sona çatacaq

İran DİN: Ölkədəki iğtişaşlar tezliklə sona çatacaq
1702baxış

"İranın iştişaşların baş verdiyi ərazilərində vəziyyət normallaşıb, ən qısa zamanda iğtişaş dalğası sona çatacaq".

İranın KİV-lərinin yaydığə məlumata görə, bunu bu ölkənin daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari deyib. Onun sözlərinə görə, ictimai mülkiyyətə və hərbi obyektlərə ziyan vurulmayana qədər polis və təhlükəsizlik qüvvələri maksimum tolerantliq nümayiş etdiriblər. "Bununla belə, zorakılıq tətbiq etmək istəyən təxribatçılara qarşı təhlükəsizlik orqanlarının əməkdaşları qətiyyətlə qarşı çıxıblar. İran xalqı nə baş verdiyini yaxşı başa düşür, ictimai asayişi pozanlardan uzaqlaşır və təhlükəsizliyin bərpa edilməsi üçün hakimiyyətlə əməkdaşlıq edir. Hazırda ölkənin əsas rayonlarında vəziyyət sabitdir. Bəzi yerlərdəki iğtişaşlar insanların və təhlükəsizlik qüvvələrinin səyi ilə qısa zamanda sona çatacaq".

Yeri gəlmişkən, İran hökumətinin sözçüsü Məhəmməd Baker Novaxt bu gün keçirdiyi mətbuat konfransında bəyan edib ki, ölkə Konstitusiyasında ictimai təhlükəsizliyə xələl gətirməyən etirazlar və iğtişaşlar məsələsi dəqiq müəyyən edilib. O əlavə edib ki, hakimiyyət insanların qanuni çərçivədə etiraz hüququna  hörmətlə yanaşır. "Bununla belə, hətta qanunsuzluqlara qarşı qanun çərçivəsində mübarizə aparılmalıdır", - deyə M.Novaxt vurğulayıb.     

Qeyd edək ki, İranda dekabrın 28-dən başlayan etiraz aksiyası ilə bağlı ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir.  Xatırladaq ki, İranın Təhlükəsizlik Nazirliyi  (Ettelaat)  məlumat yayaraq bildirib ki, son  hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri  müəyyən edilib və həbs olunub. (apa)