Türkiyə Gürcüstanla sərhəddəki gömrük-keçid məntəqəsinin imkanlarını artırıb
/ Türkiyə Gürcüstanla sərhəddə yerləşən “Sarpi” gömrük-keçid məntəqəsinin binasını yenidən qurub.
Mediapress.az-ın Gürcüstan bürosu xəbər verir ki, gömrük məntəqəsinin tikintisi, təxminən, üç il davam edib.
Yeni bina eskalatorlarla təmin olunub və tikili fiziki məhdud şəxslər üçün adaptasiya edilib. Binanın yenidən qurulması zamanı nəqliyyat vasitələrinin buraxılması üçün bir neçə xətt əlavə olunub.
Məntəqə gün ərzində 1 000-dək yük, 2 000 minik avtobili, 400 avtobus və 25 min insana xidmət etmək imkanına malik olacaq. Yenilənmiş gömrük məntəqəsi sərhəddə növbə və gecikmələrin qarşısını almağa imkan verəcək.
Yeni binanın rəsmi açılış mərasimi bu gün baş tutacaq. Mərasimdə Gürcüstan və Türkiyənin iqtisadiyyat nazirləri, Acarıstan Muxtar Respublikasının hökumət nümayəndələri və digər rəsmi şəxslər iştirak edəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telekörpü ilə tədbir iştirakçılarına müraciət edəcəyi gözlənilir.