\
24 Noyabr 2024 - Bazar günü

Azərbaycan XİN-dən Paşinyana etiraz

Azərbaycan XİN-dən Paşinyana etiraz
1717baxış
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.
 
Verilən şərhdə deyilir: "Avropa Parlamentində çıxışı zamanı Dağlıq Qarabağın gələcəyini orada yaşayan insanların müəyyən etməli olduğunu və Dağlıq Qarabağı təmsil etmədiyini iddia edən Ermənistan Baş nazirinə belə bir sual ünvanlamaq istərdim. Əgər belədirsə, o zaman Ermənistan vətəndaşı olan gənclərin digər ölkənin torpağında, yəni Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində nə işi var? Nə səbəbdən bu gənc insanlar öz həyatlarını itirməli olurlar?
 
Ermənistan Baş nazirinin bu kimi əsassız bəyanatları nəinki beynəlxalq ictimaiyyəti, eyni zamanda Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, eləcə də dünyada yaşayan erməniləri aldatmaqdan başqa bir şey deyildir".
 
Mətbuat katibi bildirib ki, bölgənin "yeni şəkildə dialoq, sülh şəraitində birgə yaşama və iqtisadi əməkdaşlığa ehtiyacı var” fikrini səsləndirən Ermənistan rəsmisi əgər bu bəyanatını səmimiyyətlə söyləyirsə, sadaladıqlarına nail olmağın yeganə yolunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə geri dönməsindən ibarət olduğunu dərk etməlidir.
 
L.Abdullayevanın sözlərinə görə, Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan ilə münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaqdır:
 
"Demokratik yolla seçildiyini bəyan edən Ermənistan rəhbərliyi ən azından özü və xalqı qarşısında vicdanlı davranmalı və Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı sualına cavab verməlidir. Bu çox sadə cavabı mən səsləndirməyəcəm, onu Ermənistan rəhbərliyindən eşitmək istərdim".