Slovakiyada ilk qadın prezident seçildi
Slovakiyada liberal ətraf mühit fəalı ölkənin ilk qadın prezidenti seçilib.
Siyasətə nisbətən yeni qoşulan Zuzana Kaputova şənbə günü keçirilən seçkilərin ikinci mərhələsində səslərin 58 faizini qazanaraq, Avropa Komissiyasının vitse-prezidenti Maros Şevçoviçə qalib gəlib. Şefçoviç səslərin 42 faizini qazanıb. O, məğlubiyyətini qəbul edib və rəqibini təbrik edib.
“Mən nəticələrə görə hədsiz sevincliyəm. Bu, mənim üçün çox güclü bir mandatdır”, Kaputova deyib.
Siyasətdə yeni
45 yaşlı Kaputova siyasətdə çox az təcrübəyə sahibdir. O, korrupsiya və ənənəvi siyasətdən dəhşətə gələn seçiciləri cəlb edib.
Kaputova bu yaxınlarda Mütərəqqi Slovakiya partiyasının vitse-sədri seçilib. Partiya o qədər yenidir ki, parlament seçkilərində iştirak edə bilməyib. O, iki həftə öncə prezident seçkisinin ilk raundunda qalib gələndən sonra partiyadakı vəzifəsindən istefa edib.
Kaputova ölkə 1993-cü ildə Çexoslovakiyanın dağılması nəticəsində müstəqillik əldə edəndən bəri Slovakiyanın beşinci prezidenti olacaq.
Slovakiyada parlayan ulduz
5.4 milyon əhalisi olan ölkənin prezidenti baş naziri, Konstitusiya Məhkəməsinin hakimlərini təyin etmək və qanunlara veto qoymaq səlahiyyətinə sahibdir. Lakin parlament 50 faiz səslə onun vetosunu ləğv edə bilər. Hökümətə idarəetmə səlahiyyətlərinin əksəriyyətinə sahib olan baş nazir başçlıq edir.
İxtisasca hüquqşünas olan Kaputova Slovakiya siyasətində parlayan ulduzdur. O, Pezinok şəhərində zəhərli zibillərə qarşı uğurlu mübarizəyə başçılıq etdiyinə görə tanınıb. Bu səbəblə də o, 2016-cı ildə prestijli Goldman Ətraf Mühit Mükafatına layiq görülüb.
İki uşaq anası və boşanmış qadın olan Kaputova geylərin haqlarını müdafiə edir və mühafizəkar katolik ölkəsində aborta qadağaya qarşı çıxır.
O həmçinin, 2017-ci ildə sabiq avtoritar baş nazir Vladimir Meçiarın verdiyi amnistiyaların ləğvi ilə nəticələnən kampaniyada iştirak edib.
52 yaşlı Şevçoviç deiplomatdır. Onu Slovakiyada korrupsiya qalmaqallarına qarışan sabiq populist baş nazir Robert Fikonun başçılıq etdiyi solçu Smer-Sosial Demokratiya partiyası dəstəkləyirdi. O, kampaniyasında ənənəvi ailə dəyərləri platformasından çıxış edirdi.
İkinci dəfə namizədləyini irəli sürməyən hazırkı populyar prezident Andrey Kiska səsvermədə Kaputovanı dəstəkləyib.
Korrupsiyaya qarşı etirazlar
Onların hər ikisi ötən il araşdırmaçı jurnalist və onun nişanlısının qətlindən sonra başlayan hökümət əleyhinə kütləvi küçə etirazlarını dəstəkləyib. Etirazlar Fikonun koalisiya hökümətinin süqutuna gətirib çıxarıb. Müstəntiqlər Yan Kuçiakın qətlini onun hökümətdəki genişmiqyaslı korrupsiyaya dair araşdırması ilə əlaqələndirib.
Fikonun partiyası ölkədə 1989-cu ildə Anti-Kommunist Məxməri İnqiladan sonra ölkədə keçirilən ən böyük nümayişin ardınca noyabr ayında keçirilən ilk bələdiyyə seçkilərində məğlubiyyətə uğrayıb. (amerikanınsesi)