Səməd Seyidov: Ermənistanın baş naziri AŞPA-dakı çıxışı ilə göstərdi ki, o, girov vəziyyətindədir VİDEO
Təəssüf ki, Ermənistan rəhbərliyi yenə də reallığı əks etdirməyən fikirlər səsləndirdi, dünya ictimaiyyətini, Avropa Şurasının üzvlərini tamamilə yanlış bir yola istiqamətləndirmək niyyətini göstərdi.
Bu fikri Ermənistanın baş naziri Nikol Paşinyanın AŞPA-dakı çıxışından sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində bildirib.
Səməd Seyidov qeyd edib ki, Ermənistan baş nazirinin çoxlu məntiqi qüsurlara yol verməsi onun çıxışının yalanlarla dolu olduğunu bir daha göstərdi. Paşinyan deyir ki, özündən əvvəlki prezidentlər cinayətlər törədib, Ermənistan iqtisadiyyatını dağıdıb, dövlətin pullarını mənimsəyiblər deyə həbs ediliblər. Onlar cinayətkardır və bu səbəbdən həbsxanadadırlar. Ancaq unudur ki, elə həmin cinayətkarlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonu işğal ediblər. Bir cinayəti qəbul edib, digərini qəbul etmirsə, deməli o, cinayətə bəraət qazandırmaq istəyir. Bu isə beynəlxalq təşkilatları və ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil. Bütün beynəlxalq təşkilatlar, ATƏT, Minsk qrupu danışıqların formatının dəyişdirilməməsi haqqında bəyanat veriblər. Amma Ermənistanın baş naziri çıxışında əvvəl deyir formatı dəyişmək istəmirik, sonra isə deyir ki, bəs Dağlıq Qarabağda yaşayan insanları dəvət etmək istəyirik.
S.Seyidov qeyd edib ki, Dağlıq Qarabağın sakinləri təkcə ermənilər deyil. Dağlıq Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə apardıqdan sonra erməniləri danışıqlara gətirmək heç bir məntiqə uyğun deyil. Paşinyan məğlub olduğunu anlayır, bilir ki, geriyə yol yoxdur. Azərbaycanın təşəbbüsü olub ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının üzvləri görüşüb danışsınlar. Ancaq Ermənistan bizim bu təşəbbüsün əleyhinə çıxdı. Ermənistan hər iki icmanın üzvlərinin görüşüb danışmasına etiraz etdi. Ermənistanın baş naziri bu çıxışla Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qərarını inkar edərək beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir. Ümumiyyətlə, bu çıxış aydın göstərdi ki, Ermənistan rəhbəri girov vəziyyətindədir. Girov vəziyyətində fəaliyyət isə xalq üçün faciənin hazırlanması deməkdir.
S.Seyidov vurğulayıb ki, bu gün Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı faktlar beynəlxalq ictimaiyyətə, eləcə də Avropa Şurası üzvlərinə məlumdur. Dünən AŞPA-nın sessiyası çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” adlı çox uğurlu panel iclasımız oldu. Faktlar, dəlillər geniş ictimaiyyətə yayılıb. Beynəlxalq səviyyəli sənədlərimiz var.
“Düşünürdüm ki, Ermənistan rəhbərinin çıxışı haradasa etiraf xarakterli, müəyyən edilmiş istiqamətdə olacaq. Amma təəssüf ki, yenə də yanlış istiqamətdə oldu”, - deyə nümayəndə heyətinin rəhbəri bildirib.