Kiyev dairə məhkəməsi Saakaşvilini rədd etdi - Ukrayna macərasının bitməsinə son 30 gün
Sabiq prezident nə Gürcüstanın, nə də Ukraynanın vətəndaşı deyil
Bu gün Kiyevin dairə məhkəməsi Gürcüstanın sabiq prezidenti, Odessa şəhərinin sabiq meri və “Yeni qüvvələrin ruhu” partiyasının hazırkı rəhbəri Mixail Şaakaşvilinin məhkəmə iddiasını rədd edib. İnterfax.ru-nun xəbərinə görə, M.Saakaşvili Dövlət Miqrasiya İdarəsinin onu məcburi köçkün və ya əlavə müdafiəyə ehtiyacı olan keçmiş Ukrayna vətəndaşı kimi tanımaqdan imtina etməsindən şikayət verib. İnzibati məhkəmənin hakimi onun şikayətini əsassız sayaraq tamamilə rədd edib. Eks prezident iclasda şəxsən iştirak etməsə də, səlahiyyətli nümayəndəsi Ruslan Çernolutskiy qərardan yüksək instansiyalara şikayət verəcəklərini bildirib. Vəkil jurnalistlərə açıqlamasında onu da bildirib ki, Ukrayna rəhbərliyi Saakaşvilini ölkədən ekstradisiya edə bilməyəcək: “Biz məhkəmənin qərarından şikayətçiyik. 30 gün ərzində şikayət verəcəyik. O vaxta qədər qanunla Saakaşvili Ukraynada qalacaq”.
Xatırladaq ki, Ukrayna prezidenti Petr Poroşenko Mixail Saakaşvilini ötən ilin iyul ayında rəsmi surətdə vətəndaşlıqdan məhrum etmişdi.
Mediapress. az