ABŞ İran münaqişəsinə birbaşa qarışacaq - Trampdan İran rəhbərliyinə sərt mesaj
Yaxın Şərq yenidən qana boyana bilər
İran İslam Respublikasında ictimai-siyasi vəziyyət ağırlaşmaqdadır. İqtisadi etirazlar zaman-zaman öz yerini siyasi çağırışlara, kütləvi itaətsizliyə verir. Ölkədə iqtidar tərəfdarları ilə müxaliflər qarşıdurma vəziyyətindədirlər. İran rəhbərliyi ölkədəki iğtişaşları ABŞ, İsrail və Səudiyyə Ərəbistanının birbaşa və dolayısı ilə müdaxiləsinin nəticəsi adlandırır. Adıçəkilən ölkələr rəsmi qaydada bu ittihamları inkar edirlər. Bu fonda ABŞ rəhbəri Donald Trampın bugünkü bəyanatı İran rəsmilərinin ittihamlarını qismən təsdiqləmiş olur. D.Tramp bu gün Twitter hesabı vasitəsilə İrana lazımı zamanda hər cür dəstək verəcəyini bildirib. O, müraciətində yenidən İran xalqı haqda yüksək fikirdə olduğunu bildirməklə yanaşı, bu xalqın korrupsioner rəhbərliyə qarşı haqlı etiraza başladığını bəyan edib: “Siz lazımı zaman gəldikdə, ABŞ tərəfindən böyük dəstək alacağınızı görəcəksiniz”.
Xatırladaq ki, İranda qiymətlərin kəskin artımı ilə əlaqədar başlayan etiraz mitinqləri sonradan geniş iğtişaşlara səbəb olub. İranın iqtidaryönlü mətbuatının açıqlamalarına görə, qarşıdurmalarda 20 nəfər dünyasını dəyişib.