Azərbaycan XİN Ermənistanın müdafiə nazirinə cavab verib
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin iştirakı ilə uzun illərdir səylərin davam etdiyi bir vaxtda işğalçı ölkənin müdafiə nazirinin belə bir fikirlə çıxış etməsi yalnız xəstə təxəyyülün məhsulu ola bilər".
Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
Ermənistan müdafiə naziri David Tonoyanın münaqişənin həlli ilə bağlı dediyi “Qarabağ məsələsi öz həllini tapıb” fikirinə münasibət bildirən XİN rəsmisi vurğulayıb: "Bilirsiniz, faşizmi qəhrəmanlaşdıran, Azərbaycanın ərazilərini işğal edərək bu torpaqlarda yaşayan yerli Azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirən və Xocalı soyqırımı kimi vəhşilik törədən bir ölkənin müdafiə nazirindən daha nə gözləmək olar?! Ancaq bir məqamı vurğulamaq istərdim, Ermənistanda qəhrəman səviyyəsinə yüksəldilən faşist cəlladı Qaragen Njde də vaxtı ilə məsələnin həll edildiyini düşünürdü, ancaq onun aqibətinin necə olduğu hamıya bəllidir.
Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq prinsipləri tam təmin edildikdən və ədalət bərpa olunduqdan sonra, beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra həll olunacaq".