Marsda robot arılar uçacaq
Britaniya mətbuatından "The Independent" yazır ki, NASA Mars səthinin öyrənilməsi üçün robot arılarından ibarət dəstə düzəldir.
Mars arıları adlı layihəyə görə bu kiçik qanadlı robotlar Qırmızı planetin səthi boyunca uçaraq məlumat toplayacaqlar.
Bal arısı boyda olan uçan robotlara sensorlar və simsiz kommunikasiya telləri qoyulacaq. Bu "arılar" NASA-nın "Curiosity" marsdagəzənindən enerji stansiyası və kommunikasiya mərkəzi kimi istifadə edəcəklər.
Marsda yeriyən qurğular alimləri geniş elmi məlumatlarla təchiz etsə də, onların sürəti son dərəcə azdır.
Bunun əksi olaraq robot arılar planetin səthi boyunca sürətlə uçaraq topladıqları məlumatları marsdagəzən qurğuya göndərəcəklər. Beləliklə marsdagəzən onların kommunikasiya qovşağı rolunu oynayacaq.
Alabama Universitetinin alimləri bu qənaətdədirlər ki, Mars atmosferinin Yerə nisbətən çox seyrək olmasına baxmayaraq, robot arılar orada sərbəst uça biləcəklər.
Bu məqsədlə robot arılara daha uzun qanadlar qoyulacaq.
"The Independent" yazır ki, "mikroarıları" Yaponiya alimləri hazırlasalar da, onları ABŞ alimləri modelləşdirəcək və optimallaşdıracaqlar.
Yaponiya robotistləri artıq uçan arıquşu qurğusunu yaradıblar.
Bir sıra başqa layihələr üzrə isə indiyədək Shapesshifter və BioBot adlı "uçan amfibiya robotları" yaradılıb (BBC-Azərbaycan)