\
25 Noyabr 2024 - Bazar ertəsi

Diqqət! Kasıblıqdan birdəfəlik azad olmağın sirri - ABŞ futuroloqlarının fikri

Diqqət! Kasıblıqdan birdəfəlik azad olmağın sirri - ABŞ futuroloqlarının fikri
1005baxış

Zəngin yaşamağın asan yolu

Hər kəs bu dünyada zəngin yaşamaq istəyir. Kasıblar varlanmaq istədikləri kimi, varlılar da öz maddi imkanlarını itirməmək və daha da artırmaq haqda düşünürlər. Əslində, burada qeyri-mümkün heç nə yoxdur, yəni hər kəs tövsiyələrə əməl etsə, kasıblıq birdəfəlik onun evindən qaçar və yerini zənginliyə verər.

Mediapress.az woman.rambler.ru-ya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya universitetinin futuroloq alimləri maraqlı bir nəticəyə gəliblər. Onların fikrincə, hər kəsdə olduğu kimi evdəki hər bir əşyada da müəyyən bir aura olur. Bu aura ailədə ümumi mühiti formalaşdırır. Səbəb nəticəni yaratdığı üçün bəzi əşyaların da birbaşa kasıblığa dəvətnamə çıxardığını bilmək olar. Alimlərin fikrincə, zəngin olmaq arzusunu gerçəkləşdirmək üçün ilk növbədə diqqətli olmaq lazımdır. Yəni ilk baxışdan gözə çarpmayan əşyalardan azad olmaq gərəkdir. Belə ki, həmin əşyalar insanların psixologiyasına, enerji istehsalına, düşüncə tərzinə və əhvalına birbaşa təsir edə bilirlər. Ona görə də elə bu andan etibarən ətrafa göz gəzdirin və uzun zamandır sizi varlanmağa qoymayan əşyalarla həmişəlik vidalaşın.   

Kiçik zir-zibil

Ciblərinizdə, çantalarınızda, dolablarda, kitab rəfində və ya bir başqa yerlərdə toplanıb qalan kağız qırıntılarını mütəmadi olaraq atın. Lazımsız mağaza çekləri, biletlər, kiçik qeydlər və sair bu kimi kağız tullantıları sizə bədlik gətirir.

Cüt olmayan şeylər

İstifadəsi cüt olan, evə cüt şəkildə alınıb gətirilən bəzi əşyalar var ki, onların birinin itməsi məsələni əməlli-başlı korlayır. Bu, əsasən geyim əşyalarına aiddir. Məsələn, tək qalmış corab, başmaq və ya ayaqqabı tayı evdəki mühitə birbaşa mənfi təsir edir. Odur ki, həmin tayları da düşünmədən zibil qutusuna atın.  

Qırıq qab-qacaq və məişət texnikası

Əgər sevdiyiniz stəkan, nəlbəki, boşqab belə çatlayıbsa, onu çilik-çilik edin və zibilliyə tullayın. Qulpu qırıq qab-qacağı da, əyri-üyrü çəngəl-bıçağı da mətbəxinizə yaxın buraxmayın. Onlar sizin kasıblığınızın simvoludur. İşləməyən çaydan, blender, rəndə və sair kimi məişət elektrik cihazlarının da təmir olunmasını gözləməyin. Əgər indiyə qədər təmir olunmayıblarsa, deməli, ancaq sizə kasıblıq bəxş etmək üçün yığılıb-qalıblar. Unutmayın, zənginlər hər zaman daha yaxşılarına layiq olurlar. 

Nimdaş paltarlar

Bu dəfə qarderobunuza nəzər yetirin. Təmirə və rekonstruksiyaya verilə bilməyəcək və istehlak müddəti çoxdan keçmiş, əski parçasını xatırladan geyim əşyalarınızı birbaşa tullayın. Hətta kasıblara da verməyin. Çünki onların da nə vaxtsa zəngin olmaq haqqı var.

Sınıq düyməsi, qırıq zamoku, cırıq, didik və ya ləkəsi getməyən parçası olan paltarlar onu deməyə əsas verir ki, onlar sizə zamanında artıqlaması ilə xidmət ediblər. Unutmayın, nimdaş paltarlarınızı heç qab və ya döşəmə əskisi kimi də istifadə etmək kasıblığın göstəricisi sayılacaq. Yaxşısı budur, kasıblığı xatırladan xatirələrdən belə azad olun.

Eyni qətiyyətli münasibəti yataq üzlərinə də göstərin. Cırıq, solğun, yamaqlı, nimdaş və ya ləkəli parçalar sizin parlaq sabahlarınızın şahidi olmasın.

İşləməyən saat

Əgər saatınız həmişəlik xarab olubsa, onu təmir etmək mümkün deyilsə, saxlamağa dəyməz. Əmin olun ki, tezliklə həmin saatın yerinə yeni bir əşya ala biləcəksiniz. Zamanı dayandırmağa çalışmayın, onsuz da bu sizdə alınmayacaq. Yeni ideyalara, uğurlara, əşyalara doğru inamla hərəkət edin.

Son söz əvəzi

Alimlərin məsləhətini qulaqardına vurmayın. Unutmayın ki, həyatda heç nə təsadüfən baş vermir. Səbəb nəticəni yaradır. Atalar demişkən, niyyətin hara, mənzilin də ora. Odur ki,  elə bu andan etibarən özünüzə zəngin yaşamaq şansını verin.