Adolf Hitler dünya incəsənətinin itirdiyi dahi rəssam imiş - 400 min avroya satılan rəsmlər
Nasist Almaniyasının rəhbəri olmuş Adolf Hitler tarixdə milyonlarla günahsız insanın qanını tökmüş faşist bir lider kimi qalsa da, lənətlənmiş insanlar sırasında olsa da, dünya incəsənət ədəbiyyatına düşə biləcək son dərəcə istedadlı bir rəssam olub. Mediapress.az Alarabiya televiziya kanalına istinadən xəbər verir ki, A.Hitler tarixin təkamülünü qarışdırmış və incəsənətin itirdiyi dahi bir fenomen olub. Onun istedadları yaranmış vəziyyətdə üzə çıxmasa da, zaman-zaman qələmə aldığı rəsmlər tarixdə nadir incilər olaraq qalmaqdadır. Maraqlıdır ki, A.Hitler 20-ci əsrin əvvəllərində 2 dəfə Vyana incəsənət akademiyasına daxil olmaq istəyib, lakin sonradan müəmmalı şəkildə fikrindən daşınıb. Buna baxmayaraq, onun ayrı-ayrı zamanlarda çəkdiyi rəsmlər və akvarellər dəyərli incəsənət eksponatları sayılırlar. Təsadüfi deyil ki, 2015-ci ilin iyun ayında onun əsərləri auksionda ümumilikdə 400 min avroya satılıb. Təkcə Bavariyanın “Noynşvaynştayn qəsri” adlı əsəri 100 min avroya alıcı tapıb.
Qeyd edək ki, fürerin əsərlərinə olan ictimai maraq onun rəsmlərinin saxtalaşdırılmasına da səbəb olub. Bu həftə Berlində alman polisi Hitlerin müəllifliyində təqdim olunan 3 rəsm əsərini müsadirə edib. Rəsmlərin birində axan çay, ikincisində dağ görüntüsü, üçüncüsündə isə ağac kölgəsində oturmuş adam əks olunub. Ehtimallara görə, bu şəkillər 20 əsrin əvvəllərində Hitler müflis olduğu dövrdə çəkilib. Yüksək çəkiliş texnikası ilə yanaşı onları daha da dəyərli edən müəllifin qalmaqallı şəxsiyyətidir. Lakin hər 3 əsərin orijinallığı hələ sübut olunmadığı üçün satıcılar cinayət məsuliyyətinə cəlb olunmayıblar. Yerli qanunvericiliyə görə, yalnız əsərlərin saxta olduğu müəyyən ediləcəyi təqdirdə satıcıların əməllərində cinayət tərkibi müəyyən edilə bilər.
Ümumiyyətlə, Hitlerin yüzlərlə rəsm əsəri ABŞ hərbi qüvvələrində qorunub saxlanılır. Onlar II dünya müharibəsinin sonunda ələ keçirilmiş qənimətlərdir.
A.Hitlerin qaranlıq siyasi fəaliyyətinə görə əsərləri də Almaniyada nadir hallarda satışa çıxarılır. Belə ki, A.Hitlerlə bağlı hər şey, hətta nasist svastikaları da bugünkü Almaniyada qadağan olunub. Bu, həm də onunla əlaqədardır ki, Xolokost, Osvensem düşərgələrini keçmiş insanların qohumları, yaxınları bu məsələyə son dərəcə həssas reaksiya verirlər.
Bununla belə, çoxlu müzakirələrdən sonra 2016-cı ildə əlil uşaqlara xeyriyyə məqsədilə satılmış rəsmlərdən biri alıcıya 48 min avroya başa gəlib.