Ərəblər Dubaya aysberq gətirəcəklər – 80 milyon avroya
Ərəb iş adamı, “National Advisor Bureau Limited” şirkətinin rəhbəri Abdullah Məhəmməd Süleyman Əl Şeyi mətbuata açıqlamasında bildirib ki, Antarktidadan Birləşmiş Ərəb Əmirliklərinə nəhəng bir aysberqi nəql etmək üçün 80 milyon dollarlıq mühüm sənədə imza atıb.
Oxu.Az-ın məlumatına görə, bu xəbərin mediada geniş müzakirələr yaratdığını görən BƏƏ-nin Enerji Nazirliyi yayılan xəbərləri inkar edərək, dedi-qodu olduğunu vurğulayıb.
Lakin bugünlərdə “Euronews”a verdiyi müsahibədə Abdullah əl-Şey BƏƏ-dən 8.800 km məsafədə olan Heard adasına məxsus aysberqin 2019-cu ilin sonuna qədər Cənubi Afrika və ya Avstraliya sahillərinə gətiriləcəyi, 2020-ci ildə isə onun artıq sözügedən məntəqəyə çatdırılacağını bəyan edib.
Aysberqin mənzil başına çatdırılması layihənin yalnız sınaq hissəsidir. Əsas məqsəd isə Birləşmiş Ərəb Əmirliklərinin sahillərinə təxminən 2 kilometr uzunluğunda böyük buz parçasını nəql etməkdir.
Bu, turistləri cəlb etməklə yanaşı, ölkənin sakinləri üçün yeni su qaynağı rolunu oynayacaq.
Layihənin həyata keçirilməsi üçün 100-150 milyon dollar lazımdır.
Lakin hər kəs Abdullah əl-Şeyinin fikirlərinə müsbət yanaşmır. Ekoloqlar və iqlimşünaslar həyəcan siqnalı verməyə hazırdırlar. Onlar hesab edirlər ki, Fars körfəzinə bu qədər buz gətirilərsə, bədbəxt sonluqla nəticələnə bilər.
Nəhəng buz parçası bölgədə uzun müddət davam edən leysan yağışlara səbəb olacaq.
Şirkətin təşkilatçıları isə bildiriblər ki, onların bu cür addım atmaqlarının əsl səbəbi iqlimi dəyişməkdir.