“Bu şəhərdə” Lənkərandan “Gəlin”lə qayıdır - VİDEO
“Bu şəhərdə” komandası sonuncu “TəkƏr” adlı konsert proqramı ilə London və Naxçıvandan sonra Lənkəranda tamaşaçıların önünə çıxıb.
Mediapress.az Kult.az-a istinadən xəbər verir ki, bu gün Lənkəranda komanda ilk konsertini verib. Ənənəvi olaraq böyük anşlaqla keçən konsert proqramı sabah da davam edəcək.
“Bakı konsertimizdən sonra London və Naxçıvanda səfərdə olduq. Hazırda isə Lənkərandayıq və 2 günlük konsertdən sonra paytaxta dönəcəyik. Bununla da “TəkƏr”in səfər turu başa çatır”, - “Bu şəhərdə”nin rəhbəri Müşfiq Abbasov deyib.
M.Abbasov bildirib ki, Bakıda növbəti konsert mart ayından başlayacaq:
“Yeni konsertimiz “Gəlin” adlanır. İlk dəfə olaraq konsertə Sumqayıtdan start verəcəyik. Belə ki, 6 martda Sumqayıtda ilk nümayişimiz olacaq. Daha sonra Bakıda 8-12 mart tarixlərində (5 gün) Heydər Əliyev sarayında tamaşaçılarla görüşəcəyik. 17-18 martda isə Naxçıvanda iki günlük konsertimiz baş tutacaq”.
Qeyd edək ki, “Bu şəhərdə” 9-11 noyabr tarixlərində Bakı konsertindən sonra dekabrda London və Naxçıvanda qostrolda olmuşdu.