Azərbaycan "Avroviziya-2020" mahnısını təqdim edib - VİDEO
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin mahnı və klipini təqdim edib.
Samira Əfəndi “Kleopatra” mahnısı ilə Rotterdamda (Niderland) səhnəyə çıxacaq.
Təqdim olunan mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Kompozisiyanın prodüserləri isə müəlliflərdən biri olan Lyuk Van Birs, digəri isə Toni Kornelissendir. Mahnıda etnik motivlər müasir səs ilə ahəngdar şəkildə uzlaşdırılıb. Kompozisiyada YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın milli aləti tar, həmçinin balaban və ud səslənir.
Mahnının klipi Qobustan Tarixi Qoruğunda quruluşçu rejissor və operator Aleks Lamax tərəfindən çəkilib. Klipin prodüseri İsa Məlikovdur.
Qeyd edək ki, bu, uzun müddət ərzində ilk dəfə "Avroviziya" mahnı müsabiqəsi üçün Azərbaycanda çəkilən klipdir.
Xatırladaq ki, əvvəllər də "Avroviziya" müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi "Yeni ulduz", “Böyük Səhnə” (3-cü yer) və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. O, 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.
Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” ("Açıl!") olan “Avroviziya -2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Avroviziya-2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.