Natavan Xatuna görə tədbiri tərk etmək istədi! - EKSKLÜZİV - "Yazıq səhnəni təzə görür!"
Mediapress.az xəbər verir ki, mayın 4-də gecə saatlarında “Beynəlxalq Muğam Mərkəzi”nin yaxınlığında konsert proqramı olduğunu düşünüb, həmin istiqamətə yollandıq. Amma Lamiyə Ələkbərovadan öyrəndik ki, sən demə, burada Ulu Öndər Heydər Əliyevin 95 illiyi ilə əlaqədar çəkiliş gedir. Yəni tanınmış müğənnilər İctimai TV-də yayımlanacaq Heydər Əliyevin 95 illik yubileyinə həsr olunacaq proqrama görə oxumağa gəliblər. Xalq artistlərindən Niyaməddin Musayev, Faiq Ağayev, Zaur Rzayev, əməkdar artist Heydər Anatolu, Mətanət İsgəndərova, Babək Niftəliyev, Samirə, Natavan Həbibi, Xatun və s. müğənnilər repertuarlarından Ulu Öndərə və Azərbaycanımıza həsr edilmiş mahnı töhfələrini ərməğan etdilər.
Bura kimi əla... Keçək ikinci hissəyə. Yəni yenə də müğənnilərimiz arasında hər zaman aktual olan “məndən sonra o” və ya “məndən əvvəl niyə o?” probleminə.
Xatırladaq ki, əvvəllər bu “söhbətə” rəhmətlik İlhamə Quliyeva “baxardı”. Yəni artıq hər kəs əmin idi ki, konsertə ya girişi, ya da yekunu İlhamə Quliyeva vuracaq! İndi isə səhnədə “hərc-mərclikdir” desək, yanılmarıq...
... O ki qaldı axşamkı qalmaqala səbəbə, narazıçılıq Natavan Həbibi tərəfindən oldu. Əvvəlcə onu deyək ki, ailədaxili qalmaqallardanmı, ya həmkarları ilə çəkişmələrdənmi-nədir, Natavan son dərəcə kilo atıb. Xanım müğənni əməlli-başlı arıqlayıb. Kor-kor, gör-gör ki, bu arıqlama ədabazlıqdan və ya dəbdən irəli gələn bir şey deyil. Həkim gözü ilə baxsaq, deyərdik ki, xanım əsl depressiyaya düşüb.
Bundan əlavə, N.Həbibinin əsəbləri də korlanıb. Həddən çox aqressivləşib. Əgər çəkilişə Lamiyə Ələkbərova rəhbərlik etməsəydi, o, ifa etmədən çıxıb gedəcəkdi. “Mən “vobşe” gedirəm!” – deyən N.Həbibini Lamiyə xanım güclə sakitləşdirə bildi. Səbəb – Xatun Əliyevanın ondan öncə çıxışı!
“O, səhnəyə indi çıxır. Mən isə illərdir bu səhnəni görürəm! Xeyir ola? Yazıq səhnəni təzə görür. Əvvəlcədən desəydiniz, mən də işimi bilərdim, belə tez gəlməzdim”.
Düzü, müğənnilər arasında bu qədər gərginliyin olduğunu bilmirdik. Odur ki, qarşı tərəfin də mövqeyini öyrənməyi özümüzə borc bildik. Amma Xatun Əliyevanın meneceri dedi ki, “burda deyildik. Moskvada idik. Ona görə Xatunla əlaqə saxlaya bilmirəm ki, işləri çoxdur. Tapsaydım, münasibətini öyrənib sizə bildirərdim”.
Əlavə olaraq, onu da vurğuladı ki, baxmayaraq, dünən Natavan Həbibi narazıçılıq edib, amma Xatunla arasında bu vaxta kimi heç bir gərginlik olmayıb.
Menecerə isə çatdırmaq istəyirik ki, Natavan və Xatun arasında gərginlik olmaya bilər, amma “soyuq müharibə” yüz faiz gedir.
Hazırladı: Könül AYPARA