\
23 Noyabr 2024 - Şənbə

Rəqsanənin qızı və media...

Rəqsanənin qızı və media...
1809baxış

Ötən həftə sosial sahədə əsəbimizi cırmaqlayan iki hadisə baş verdi. Əslində başqa sahələrdə belə hadisələr çox olur. Amma haqqında danışacaqlarım sırf uşaqlarla bağlı olduğu üçün diqqətçəkən idi.

Birincisi, məktəbdə döyülən və sonradan valideyni tərəfindən də fiziki təzyiqə məruz qalan birinci sinif şagirdi barədə. Hadisənin videoçəkilişlərinə böyük əksəriyyət baxıb. Valideyn alnı göyərmiş, qızarmış övladını nümayiş etdirərək, müəlliməsinin onu döydüyünü iddia edir, yeni təhsil naziri də müəlliməni işdən çıxarır. Sonra ortaya videogörüntülər çıxır və məlum olur ki, uşağı elə sinifdə, sonra da koridorda valideyni də vurur aramsız. Evdə başına nə oyun gətirir, ondan xəbərimiz yox.

Sonra başlanır artistizmlər. Ana çıxır facebookda canlı yayımlara, şoular, duyğu sömürüləri... Arqumenti də bu olur ki, bəs uşağı “sən niyə özünü döydürürsən” deyərək, hirslənib döyübmüş. Vallah bilmirsən, güləsən, ya ağlayasan. Rəsmən əri döyən arvadı itin də bir tərəfdən qapması misalı. Və ya üzrü günahından betərmi desək? Fakt budur ki, bu, xalq təbirincə desək, işverənlikdən başqa bir şey deyil. Əgər uşağını gerçəkdən müəllimə döyübsə, valideyn olaraq şikayət etməli, bu məsələdə uşağı boks yastığına çevirməməlisən. Yox, əgər özün döyübsənsə, o zaman ayıbına kor olub oturmalı, kanal-kanal gəzib şou yaratmamalısan. Avropa ölkələrinin təcrübəsində belə hallar valideynin həbsi ilə, uşağının əlindən alınması ilə nəticələnir. Amma bizdə qızını döyməyənin dizini döyməsi, “uşaq mənimdir, sevərəm də, döyərəm də” tipli misallar bol olduğu üçün bütün hallarda valideyn suçlu sayılmır.

Suçlu sayılan  başqa bir şəxs isə 1 saylı Körpələr Evinin rəhbərliyidir. Müğənni Rəqsanənin qızı körpələr evi ilə üzbəüz yaşadığı evin pəncərəsindən orada  baş verən oğurluq hallarını videoya çəkib. Uşaq evindən aparılan qutu-qutu pamperslər, yeməklər və daha nələr... Hamımızın bildiyi, amma videogörüntülərlə sübut olunandan sonra bir daha əmin olduğu faktlar. Amma maraqlısı nədir, bilirsizmi? Körpələr Evinin rəhbərliyi bu arqumentlərə qarşılıq Rəqsanənin qızının videoçəkilişləri apardığı evi pritona çevirdiyini, ora hər gün bir kişinin gəldiyini deməsi...

Mən bu azərbaycançı yanaşmanın qarşısında rəsmən şokdayam. Bu ölkədə niyə görə oğru bağıranda hamının bağrı sökülür? Niyə əxlaq-namus anlayışı təkcə iki ayağın arası ilə ölçülür? Kiminsə hardasa özəl həyatını necəsə yaşaması ilə minlərlə yetim uşağın boğazından, əynindən kəsilməsi bir ölçülməlidir?

Amma mən sizi inandırım, o milli mentalitet keşikçilərinin çoxu uşaq evi müdirinin məlum açıqlamasından sonra ittihamın müəllifi Rəqsanənin qızı olduğu üçün fakta ağız büzdülər. “Dinimə söyən də barı müsəlman olaydı...” məntiqi ilə. Halbuki nə fərqi var? Hesab edin ki, onu həmin qızcığaz yox, “Reuters”in fotoqrafı, operatoru çəkib. Önəmli olan fakt deyilmi? Oğurluq varmı? Var? Yetim-yesirin əynindən, boğazından kəsilənlər maşınla haralarasa daşınırmı? Daşınır. Niyə hələ də araşdırma aparılmır, istintaqa start verilməyib? Mən Rəqsanənin qızının guya ki, xoşagəlməz həyat tərzi keçirməsi ilə bağlı fakta malik deyiləm. Görməmişəm, xəbərim yoxdur. Amma oğurluq faktını gözümlə görmüşəm.

O ki qaldı, bu məsələdə jurnalistlərin Rəqsanənin qızına uduzmasına, mən bunu qəbul etmirəm. Doğrudur, bu faktın üstünü jurnalistlər açsa, daha yaxşı olardı. Və bu vaxta qədər ölkə jurnalistləri qalmaqallı nə qədər hadisənin izinə düşüb, nə qədər biabırçılıqları ifşa ediblər. Amma bu, dünyanın hər yerində var. Əlində telefonu olan sıravi vətəndaşlar belə ölkəni sarsıdacaq faktları görəndə çəkir, yayırlar.

İndi dünyanın yarısı araşdırmaçı jurnalistika ilə məşğul olur. Amerikada bir neçə il əvvəl narko-mafiyanın fəaliyyətini belə azyaşlı bir uşağın çəkdiyi video ilə aşkarlamışdılar. Yəni, olaydan çıxış edib, jurnalistləri əzməyə, aşağılamağa gərək yox. Olay varsa, texniki imkanlar artıbsa, bunu kimin çəkməsinin önəmi yox. Önəmli olan faktın özüdür.

Fakt əlahəzrətdir, necə deyərlər. Ondan ötəsi yox. Hətta onu Rəqsanənin qızı çəkib yaysa belə...(Müsavat)

Mediapress.az