Fərat Qalxanı əməliyyatı ekranlaşdırıldı - "KOMUTAN" / FOTOLAR
3506
Kılıç Yapım istehsalı olan “Komandir” (Komutan) filminin rejissorları Selahettin Sancaklı və Mert Kılıçdı. Mert Kılıç eyni zamnda bu ekran əsərinin ssenaristi və baş rol ifaçısıdı. Məşhur aktrisa Aslıhan Güner Kılıçın da oynadığı dram, hərbi, müharibə və döyüş janrındakı türk filmi 13 oktyabr 2022-ci ildə ekranlara gələcək.
Mediapress.az xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə 12 oktyabr 2022-ci il saat 19.00-da Gənclik Mall CinemaPlus-da “Komandir” filminin qala gecəsi təşkil olunacaq. Mert Kılıç və Aslıhan Günərin qatılacağı Qala Gecəsində mətbuat konfransı keçiriləcək, daha sonra film nümayiş olunacaq.
Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı əməliyyatlarından biri olan və terror təşkilatının Suriyanın şimalında dəhliz yaratmasının qarşısını almaq üçün başladılan Fərat Qalxanı əməliyyatında baş verən real hadisələr əsasında yazılan “Komandir” filmi döyüş, dram və triller janrındadır.
Suriyanın Əl-Bab bölgəsində baş verən hadisəyə Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinə məxsus 4 nəfərlik xüsusi təyinatlı dəstənin müdaxiləsindən və orada şəhid olan dostlarının cənazələrini Türkiyəyə gətirmək üçün aparılan mübarizədən bəhs edən film reallığa uyğunluğu baxımından hər cür risk və təhlükələri gözə alaraq ərsəyə gəlib. Film Toros dağlarının enişli-yoxuşlu, dik və dağlıq – meşəlik sahələrində və Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkir 7-ci Korpusunun kazarmasının Jandarma Baş Komandanlığına bağlı ərazilərində çəkilib.
Mert Kılıç, həyat yoldaşı Aslıhan Günər, Can Kızıltuğ və Emre Bulutun rol aldığı filmin rejissorluğu Selahattin Sancaklı və Mert Kılıça məxsusdur.
Komandir filmi Türkiyədə indiyə qədər çəkilmiş ən çətin, təhlükəli və mübarizə dolu filmlərdəndir. Mert Kılıç ən təhlükəli kadrlarda belə dublyorlardan istifadə etməyib və hər bir səhnədə şəxsən özü iştirak edib. Filmin döyüş səhnələrinin çəkilişi üçün dəvət olunan, Hollivud filmlərində də iştirak etmiş, işində peşəkar olan Qazaxıstanlı rejissor döyüş səhnələrinin reallığa yaxın olması üçün əlindən gələni etmişdir.
Öz sahəsində ən yaxşı filmlərdən biri kimi nümayiş etdirilən “Komandir” filminə Daxili İşlər Nazirliyi yanında Jandarma Baş Komandanlığı da böyük dəstək verib. Filmdə Jandarma Baş Komandanlığının inventarında olan və terrorla mübarizədə geniş istifadə edilən Black Hawk (Qara Şahin) helikopterləri, Türkiyənin yerli və milli istehsalı olan Atak hücum helikopterləri və zirehli hərbi maşınlardan geniş şəkildə istifadə olunub.
Baş rolda oynayan və filmdəki Mayor Tuna Alkan obrazına həyat verən döyüş filmlərinin ən uğurlu və mübahisəsiz ən yaxşı aktyoru Mert Kılıç da həyat yoldaşı peşəkar aktrisa Aslıhan Günərlə eyni səhnələrdə rol alıb. Filmdə suriyalı türkmən qadın obrazını canlandıran Aslıhan Günər, həmçinin öz səsi ilə mərsiyə də oxuyub.