Bu gün Rəşad Dağlının ad günüdür
Bu gün tanınmış söz ustadı, məşhur meyxanaçı Rəşad Dağlının ad günüdür.
Mediapress.az-ın məlumatına görə, Rəşad Dağlı (Əmirov) 1984-cü il, aprelin 21-də Bakı şəhərində zəhmətkeş ailədə dünyaya göz açıb. Bir qardaşı var. Ailəlidir, iki övladı var.
Onu da əlavə edək ki, ötən il - 2022-ci il noyabrın 9-da məşhur meyxanaçı Bakıdakı toy məclisindən çıxandan sonra tanışı İsgəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün onunla görüşüb. Rəşad İsgəndəri öz maşını ilə götürüb Lökbatan dairəsi yaxınlığına aparıb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra aşağı atıb və polis bölməsinə gedərək təslim olub.
Qeyd edək ki, hadisə baş verən zaman İsgəndər Mehtiyev 2 həftədir ki, həbsdən çıxıbmış. Digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumu olan Mehtiyev daha əvvəllər də narkotik ticarətinə görə həbs həyatı yaşayıb.
2023-cü il aprelin 17-də Rəşad Dağlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə dövlət ittihamçısı Orxan Səmədov olub.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Elvin Əliyev vəsatət qaldırıb. O bildirib ki, prosesdə R.Dağlı və zərərçəkmiş şəxsin ailə sirləri açıqlana bilər. Ona görə də vəkil prosesin qapalı keçirilməsini istəyib.
R.Dağlı vəkilin vəsatətini müdafiə edib.
Hakimlər müşavirədən sonra vəsatət üzrə qərarı açıqlayıblar. Hakim bildirib ki, vəsatət növbəti iclasda baxılması üçün saxlanılsın.
Prosesdə məlum olub ki, R.Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə yeni ittiham verilib.
Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.