\
22 Noyabr 2024 - Cümə

Tural-Turanı kim belə geyindirib? - Hamı tənqid edir

Tural-Turanı kim belə geyindirib? - Hamı tənqid edir
1822baxış

Azərbaycanı “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək TuralTuran X qardaşları Liverpulda yarışmanın açılış mərasimində iştirak ediblər. Onların geyim tərzi sosial şəbəkələrin Azərbaycan seqmentində kəskin tənqidlərə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, qardaşların geyim tərzini təkcə sıravi vətəndaşlar deyil, həm də tanınmış simalar məsxərəyə qoyub.

Modelyer Şəlalə Maqsudova onları Azərbaycanın Konçitaları adlandırıb: “Bir neçə ay bundan öncə bu uşaqların çıxışı önümə çıxdı. Geyim tərzləri, görünüşləri, oxuduqları mahnıları çox xoşuma gəlmişdi. Diqqətimi çəkdi və düşünürdüm ki, bu uşaqlar bizi təmsil etsə, çox yaxşı olardı. Sonda belə də oldu və seçildilər. Sevindim və sevincim boğazımda qaldı. Mən bir modelyer olaraq fikrimi bildirirəm. Liverpulda “Avroviziya”nın açılış mərasimində Azərbaycanın Konçitalarını gördüm. Bildiyimə görə, bu uşaqların burada çıxışını bir prodüser kimi bütün işləri Eldar Qasımova həvalə ediblər. Utancverici bir mənzərədir. Axı sizin Azərbaycanı lağ obyekti etməyə ixtiyarınız yoxdur. İki qadın “vidində” kişi. Bu nə köynəklərdi, bu nə saç düzümüdür, bu nə makiyajdır, bu nə korsetdir... Biabırçılıq”.

Məsələ ilə bağlı Azərbaycan nümayəndə heyətinin Mətbuat xidmətinə sorğu ünvanlasaq da, cavab ala bilməmişik. 

***

Azərbaycanın “Avroviziya”da nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova “Report”a açıqlamasında deyib ki, təmsilçilərimizin müzakirə olunan geyimi heç kəsin qeyrətinə toxunmur və təhqir etmir.

O bildirib ki, bu mahnı müsabiqəsidir, kostyumlar və tərzlər də fərqli olur: "Onlar nə açıq-saçıq, nə də çılpaq xalıya çıxıblar. Tərz kiminsə xoşuna gəlməyə bilər, amma bu işə peşəkar baxır. Təmsilçilərimizin belə geyinməsi onun qərarı idi. Onların geyindiyi geyim, yarışmada çox gözəl qəbul olunub və yaxşı mənada müzakirə edilib. Biz hər yerdə qeyd edirdik ki, bu geyimlər Azərbaycanın yerli brendi “Parcha studio”ya aiddir və Aysel Sadıxovanın yaratdığı obrazlardır".

İ.Dadaşova qeyd edib ki, geyimlər əvvəlcədən düşünülüb: "Xalıda diqqət cəlb etmək və zövqlü tərz göstərmək üçün düşünülüb və yaradılıb. Heç kəsin qeyrətinə toxunan geyim deyil, heç kimi təhqir etmir. Qadın geyimi olması iddiaları da qəribədir. Sosial şəbəkələrdə müsabiqənin auditoriyası bunu çox gözəl qəbul edib. Çünki onlar yaxşı başa düşürlər ki, "Avroviziya" incəsənətlə bağlı müsabiqədir. Onlar hərhansı siyasi veriliş və ya müsabiqəyə bu geyimdə çıxmayıblar. İncəsənət müsabiqəsində fərqlənmək vacibdir".

Mətbuat katibinin sözlərinə görə, bu il Azərbaycanın "Avroviziya"dakı tərzi barədə hamı müsbət danışır: "Geyim fərqlidir, bizim auditoriyanın öyrəşmədiyi bir geyimdir. Təmsilçilərimiz müsabiqənin əsas hissəsinə fərqli retro geyimində çıxacaqlar. Yəni həmin geyim sadəcə xalı üçün idi".