\
25 Noyabr 2024 - Bazar ertəsi

“Mənim hər epizod üzrə faktlarım var”

“Mənim hər epizod üzrə faktlarım var”
1661baxış

Model Raziyyat (Razi) Əliyevanı döymə və digər cinayət əməllərində təqsirləndirilən iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.

İttihamda deyilir ki, Z.Hüseynzadə sevgi münasibətində olduğu Raziyyat Əliyevanın ona xəyanət etdiyini düşünüb. Bundan sonra qisas almaq məqsədilə modelin əllərini bağlayaraq xəsarətlər yetirib. Bir neçə ay sonra yenidən eyni şübhələrlə R. Əliyevanın yaşadığı evə gedib, onu əlindəki bıçaqla öldürəcəyi ilə hədələyib.

İttihamda o da qeyd edilir ki, müttəhim Hüseynzadə birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr almasını, birgə xarici səfərlərə getməklə vəsait xərclənməsini bəhanə gətirib, həmçinin ona aldığı 185 min manat dəyərində “Mercedes” markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib. Bundan başqa, təqsirləndirilən şəxs 2023-cü ildə Raziyyat Əliyevaya məxsus avtomobili oğurlamaqla zərərçəkmiş şəxsə 94 min manat ziyan vurub.

Ziya Hüseynzadə ittihama münasibətdə özünü təqsirli bilməyib. 

 
Zərərçəkmiş modelin vəkilləri əvvəlcə məhkəmədən Ziya Hüseynzadənin dindirilməsini xahiş ediblər. Lakin Z.Hüseynzadə bununla razılaşmayıb, əvvəl zərərçəkmiş və şahidlərin dindirilməsini istəyib: “Mənim hər epizod üzrə günahsızlığımı sübut edən faktlarım var. Kimlər bu ittihamları mənə yapışdırıbsa, əvvəlcə onlar danışsınlar. Ən sonda özüm ifadə verəcəyəm, hər şeyi ortaya qoyacağam”.

Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qərara gəlib ki, əvvəlcə zərərçəkmişlər və ardınca şahidlər, daha sonra təqsirləndirilən şəxs dindirilsin.

Dindirmələr yanvarın 31-i başlayacaq.

Qeyd edək ki, Z.Hüseynzadə Cinayət Məcəlləsinin 127.2.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma-xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə), 133.2.6 (Əzab vermə-işgəncə ilə törədildikdə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 177.3.2 (Oğurluq-külli miqdarda ziyan vurmaqla), 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə), 186.2.1 (Əmlakı qəsdən məhv etmə-zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla) və 221.1-ci (Xuliqanlıq) maddələri ilə ittiham edilir.

İş üzrə 3 nəfər- Raziyyat Əliyeva, anası və rəfiqəsi zərərçəkmiş qismində tanınıb.

Sail Ağasəlim